Xəbər verdiyimiz kimi, İran ordusuna məxsus “Şahid” PUA-sı Naxçıvan aeroportuna düşüb.
PUA-nın düşməsi nəticəsində Naxçıvan beynəlxalq hava Limanına ziyan dəyib. İlkin məlumata görə, tələfat yoxdur.
Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan İrandan açıq cavab gözləyir:
“İranın Naxçıvan şəhərini dronlarla vurması qətiyyətlə pislənilməlidir. Bu, həm qonşuluq siyasətinə, həm də beynəlxalq hüquqa ziddir. Azərbaycan hüquqi dövlətdir və belə hallarda cavab vermək hüququnu özündə saxlayır. Azərbaycan İran tərəfindən açıq və aydın izahat gözləyir. Bu hadisənin niyə baş verdiyi dərhal araşdırılmalıdır”.
Deputat deyib ki, belə hərəkətlər isə qonşu və dost ölkəyə yaraşmır:
“Belə hərəkətlər isə qonşu və dost ölkəyə yaraşmır. Bu addım Azərbaycanın İrana qarşı uzun illər göstərdiyi qonşuluq münasibətlərinə adekvat deyil. Azərbaycan öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq hüququna sahibdir”.













