Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsi müxtəlif məqsədlərlə – özəl sevgililərin şam yeməyi (“Love story”) çəkilişləri üçün icarəyə verilib.
Gündəm24.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı fotoqraf Cəlal Kəngərli teatrda müştəri üçün təşkil olunan özəl şam yeməyi və çəkiliş prosesi ilə bağlı videolar paylaşıb.
Kadrlarda məkanın xüsusi dekorasiyalarla bəzədildiyi və çəkilişlərin həyata keçirildiyi əks olunub.
“24 saat ərzində müştəri üçün özəl şam yeməyinin hazırlanması və çəkilişin aparılması tamamilə bizə həvalə olundu (hekayənin birinci və ikinci hissələrinə səhifəmdə baxa bilərsiz).
Amma bu hekayədə bir çoxlarının bilmədiyi bir məqam var idi – bu sadə bir şam yeməyi deyildi. Cütlüyümüz nişanlı olsalar da toy tarixlərini hələ qərarlaşdırmamışdılar. Bəyimiz isə bu şam yeməyini həm sözün əsl mənasında özəl və təəccüblü etmək üçün yemək zamanı toy tarixlərinin sürprizini etdi. Beləliklə ortaya bu gözəl mənzərə və sevgi hekayəsi çıxdı…”, – deyə paylaşımda qeyd olunub.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və mədəniyyət ocağının bu cür məqsədlərlə kirayələnməsi cəmiyyətdə ciddi narazılığa səbəb olub.
Fuad Hacıyev adlı sosial media istifadəçisi “Facebook” hesabında paylaşım edərək fotoqrafı sərt tənqid edib. Onun sözlərinə görə, 24 saatlıq icarəyə verildiyi üçün teatrda baş tutmalı olan tamaşa ləğv olunub:
“Şüphəsiz ki, ölkənin ən mənasız məşhur adamlarından biri də fotoqraf Kəngərlidir. İnsanların cahilliyindən istifadə edərək məşhurlaşan adamların riyakarlığı heç bir çərçivəyə sığmır. Adam məşhur olub deyə ucuz bir işi camaatın gözündə böyüdüb fantastik məbləğlər qarşılığında öz aləmində marka satır. Sədərəkdən bəzəkli şam zad alıb qoyursan da ora. Nə dekorasiya axı, ay dostum. “Masovka qaqaş” qızla qurma videolar, dram teatrını 24 saata kirayələmək ətimizi tökdü. Dram teatrındakı tədbiri ləğv elədiniz, hə? İticket-in biletləri-filan o necə oldu bəs?”.
Pərvin Qulamov adlı istifadəçi yazıb:
“Tağıyevin teatrı gör nə günə qalıb ki, icarəyə zal verir”.
Məsələ ilə bağlı Bakupost.az -ın əməkdaşı Musiqili Teatrla müştəri qismində əlaqə saxlayaraq icarə qiymətlərini öyrənməyə çalışdı. Teatrdan əvvəllər bu cür xidmətlərin mövcudluğu təsdiqlənsə də, hazırda dayandırıldığı bildirildi:
“Məşqlərə və tamaşalara mane olduğu üçün artıq yığışdırılıb”.
Lalə Novruz, BakuPost














