Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyində (AAYDA) yoxlamalar aparılır.
Yerli medianın yazdığına görə, yoxlamalar hələ ötən ilin dekabrından başlayıb və Saleh Məmmədovun AAYDA-nın İdarə Heyətinin sədri olduğu bütün dövrü əhatə edir.
Gündəm24.az xəbər verir ki, “AzPolitika”ya özəl mənbələrdən məlum olub ki, Saleh Məmmədov vəzifədə olduğu illərdə “Gənclik” metrosu yaxınlığındakı “Caspian” ticarət mərkəzində yerləşən bahalı qızıl mağazalarının daimi və ən sanballı müştərisi olub.
Onun bu mağazalardan əsasən ən bahalı 999 əyarlı qızıl aldığı bildirilir. Bu qızılın 1 qramının qiyməti hazırda təxminən 250 dollara yaxındır. Qızıl satanlar S.Məmmədovu xüsusi olaraq ona görə yaxşı tanıyıb və sanballı müştəri hesab ediblər ki, AAYDA sədri bu bahalı qızılı qramla deyil, kilo ilə alırmış. Hətta buna görə ona “kilo Saleh” də deyirlərmiş. Dünya bazarında qızılın sürətlə bahalaşdığını nəzərə alsaq, sabiq məmurun nə qədər “uzaqgörən” olduğuna bir daha əmin olarıq…
Yerli mediada gedən məlumatda isə bildirilir ki, Saleh Məmmədovun fəaliyyətilə bağlı yoxlamalar hələ bir müddət davam edəcək. Buna baxmayaraq, artıq maliyyə pozuntuları ilə bağlı ciddi faktlar aşkar edilib.
İddialara görə, bu faktlar əsasən Saleh Məmmədovun yaxınlarının çalışdığı qurumları əhatə edir. Buna rəğmən hələ ki, həmin qurumların rəhbərləri barədə hər hansı tədbir görülməyib. Daha doğrusu, müvafiq qurumlar lazımi addımları atmağa tələsmir və yoxlamanın tam başa çatmasını gözləyir.
Məlumata görə, yoxlamaların nəticəsi olaraq AAYDA-da kadr və struktur dəyişiklərinin həyata keçirilməsi gözlənilir. Bildirilir ki, qurumun tabeliyində fəaliyyət göstərən MMC-lər ləğv edilə və regional idarələr yaradıla bilər.
Saleh Məmmədov AAYDA-nın İdarə Heyətinin sədri vəzifəsinə 2017-ci ildə təyinat alıb. O, fevralın 6-da tutduğu vəzifədən azad edilib.
Mediada gedən məlumatlara görə, Saleh Məmmədov AAYDA-nın rəhbərliyinə təyinat aldıqdan sonra qohumlarını müxtəlif vəzifələrə yerləşdirib.
Bununla bağlı yayılan siyahını təqdim edirik:
* Zaur Həmzəyev – əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri;
* Araz Bəndəliyev – xalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri;
* Toğrul Həmzəli – qardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi;
* Təhminə Həmzəyeva – bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri;
* Mətanət Həmzəyeva – bacısı, “Azəryolİlmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi;
* Dilavər Həmzəyev – yeznəsi, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavini;
* Ustubat Niftəliyev – yeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi.














