Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin uğurla başa çatdığını bildirib. O, qeyd edib ki, bu tarixi tədbirin Avropa-Atlantik təhlükəsizliyinin sınaqdan keçirildiyi bir dövrdə ortaq gələcəyə yön verəcək.
Gündəm24.az xəbər verir ki, zirvəyə bütün müttəfiqlərin lider səviyyəsində qatılmasını Türkiyəyə duyulan etimadın və diplomatiyanın nüfuzunun yeni sübutu kimi qiymətləndirən dövlət başçısı, ABŞ Prezidenti Donald Trampın da Türkiyənin ev sahibliyinin həlledici olduğunu qeyd etdiyini diqqətə çatdırıb. Türkiyənin müdafiə xərcləri, hərbi qabiliyyətlər və müdafiə sənayesi baxımından bir çox müttəfiqdən irəlidə olduğunu deyən Ərdoğan, ölkənin NATO-nun ikinci böyük quru ordusunu idarə etdiyini və ittifaqa yalnız geostrateji mövqeyini deyil, həm də minilliklərlə formalaşan döyüş sənətini qazandırdığını ifadə edib.
Türkiyənin öz döyüş təyyarəsini, tankını, gəmilərini və hava hücumundan müdafiə sistemlərini inkişaf etdirən nadir müttəfiqlərdən biri olduğunu xatırladan Prezident, “Çelik Kubbe” layihəsinin NATO-nun bölgədəki ən güclü hava müdafiə konsepsiyası olduğunu bildirib. Netanyahu və Miçotakisin F-35-lərlə bağlı açıqlamalarını şərh edən Ərdoğan, bu bəyanatların onun dünyasında yeri olmadığını deyərək, Yunanıstanın bu məsələdə səhvə yol verdiyini qeyd edib.
Rusiya və Ukrayna arasında müharibənin hər ay on minlərlə insanın ölümünə səbəb olduğunu bildirən dövlət başçısı, “Ədalətli bir sülhün məğlubu olmaz” deyərək tərəfləri Türkiyədə yenidən bir araya gətirməyə hazır olduqlarını bəyan edib. F-35 proqramına qayıdış və S-400 sistemlərinin gələcəyi ilə bağlı suala cavabında isə Ərdoğan “Bizi izləməyə davam edin” cavabını verərək, ABŞ Prezidenti Trampın Türkiyəyə qarşı müsbət yanaşması ilə bağlı ümidverici siqnalların olduğunu diqqətə çatdırıb.//nocomment.az














