Bakının Sabunçu rayonunda 21 yaşlı oğlan parkda keçmiş sevgilisinə xəsarət yetirib.
Gündəm24.az Demokrat.az-a istinadən xəbər verir ki, məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Böyükşor parkında baş verib. İmişli rayon sakini, 2004-cü il təvəllüdlü Bəxtiyar parkda keçmiş sevgilisi İlahə ilə söhbət edib.
Söhbət zamanı o, keçmiş sevgilisi ilə barışmaq istəyib. Amma qız barışmaq istəməyib. Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə qızın üz nahiyəsindən bir dəfə vurub.
Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən 21 yaşlı oğlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu deyib.
Bəxtiyar bildirib ki, İlahə ilə təxminən 7-8 ay öncə sosial şəbəkədə tanış olublar: “Sonradan aramızda sevgi münasibəti yarandı. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar tez-tez mübahisə etdiyimiz üçün ayrıldıq. Sonra yenidən barışdıq. Hadisə baş verən günü görüşmək qərarına gəldik. Həmin tarixdə saat 21 radələrində Böyükşor parkında görüşərək oturacaqda söhbət etməyə başladıq. İlahənin mobil telefonunu götürərək baxmağa başladım. İlahə isə telefonunu geri istəyərkən istəmədən bir dəfə əlim ilə onun burun nahiyəsindən zərbə vurdum. Onun burnundan qan gəldi. Həmin zaman ətrafda heç kim olmayıb. Bilmədən onu vurmuşam”.
İş üzrə zərərçəkmiş İlahənin sözlərinə görə, Bəxtiyar ilə təxminən 7-8 ay öncə sosial şəbəkədə tanış olublar: “Sonradan aramızda sevgi münasibətləri yarandı. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar tez-tez mübahisə etdikləri üçün təxminən məlum hadisədən 1 ay əvvəl ayrılmışıq. Məlum hadisə günü, axşam saatlarında Bəxtiyar zəng edərək barışmaq üçün görüşmək istədi. Həmin tarixdə saat 21 radələrində Böyükşor parkında görüşdük və oturacaqda oturaraq söhbət etməyə başladıq. Bu zaman Bəxtiyar telefonumu götürərək baxdı. Sonra telefonumu geri istədim. Qaytarmadıqda isə aramızda mübahisə yarandı. Bəxtiyardan telefonu almaq istəyən zaman əli ilə bir dəfə burun nahiyəmdən vurdu. Burnumdan qan gəldi. Sonra isə oradan getdik. Daha sonra isə evdə anam vəziyyətimi bilərək hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdi”.
Bu işə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəxtiyar 1000 manat miqdarında cərimə edilib.














