ABŞ Daxili Təhlükəsizlik Departamenti hadisəni “məişət terrorizmi aktı” kimi xarakterizə edərək bildirib ki, qadın öz maşını ilə ICE əməkdaşlarının üzərinə çıxmağa çalışırdı və zabitlər özünümüdafiə məqsədilə hərəkətə keçiblər.
Gündəm24.az xəbər verir ki, Minneapolisdə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşı qadın etirazçını güllələyib. Hadisə yolun ortasında baş verib – qadın avtomobilini tərk etmədiyi üçün zabitlər tərəfindən hədəf seçilib, avtomobil irəliləyərkən isə atəş açılıb. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
ABŞ Daxili Təhlükəsizlik Departamenti hadisəni “məişət terrorizmi aktı” adlandırıb və bildirib ki, zabitlər özünümüdafiə məqsədilə hərəkət ediblər. Departamentin sözçüsü Trisia Maklaflin qeyd edib ki, qadın avtomobilini hüquq-mühafizə orqanlarının üzərinə sürərək həyat təhlükəsi yaradıb.
Minneapolis meri Ceykob Frey ICE zabitlərinin hərəkətlərini “ehtiyatsızlıq” adlandıraraq şəhərdən çıxmağı tapşırıb. Minnesota qubernatoru Tim Walz isə “tam, ədalətli və sürətli araşdırma” tələb edib.
Hadisə ABŞ administrasiyasının qanunsuz miqrantların saxlanması üzrə genişmiqyaslı əməliyyatları fonunda baş verib. Minneapolis-Sent-Pol aqlomerasiyası ölkədə ən böyük Somali diasporuna ev sahibliyi edir. Prezident Donald Tramp sərt immiqrasiya siyasətini müdafiə etsə də, siyasi rəqibləri administrasiyanı həddindən artıq sərt hərəkətlərdə ittiham edirlər.
Sədaqət Həsənova














