Bankomatdan pul çıxaran zaman əskinasın cırılmış, ləkələnmiş və ya digər formada zədələnmiş olduğunu görmək vətəndaşlar üçün gözlənilməz problemlər yarada bilər. Belə hallarda bir çoxları həmin pulu harada və necə dəyişdirə biləcəyini, bankın məsuliyyət daşıyıb-daşımadığını bilmir.
Bəs bankomatdan zədəli pul çıxarsa, vətəndaş hansı addımları atmalı və hüquqlarını necə qorumalıdır?
Gündəm24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bankomatdan zədəli əskinas alan vətəndaş ilk növbədə həmin bankın özünə müraciət etməlidir.

“Belə vəziyyətlə qarşılaşan şəxs bankdan zədələnmiş pulun dəyişdirilməsini tələb edə bilər. Bunun üçün bankın müştəri xidmətlərinə müraciət etmək və baş vermiş hadisə barədə məlumat vermək lazımdır”.
Əkrəm Həsənov qeyd edib ki, bank vətəndaşın müraciətini təmin etmədiyi halda, o, Azərbaycan Mərkəzi Bankına şikayət edə bilər.
“Bu baxımdan, bankomatdan zədəli əskinas çıxan şəxslərin məsələni ilk olaraq müvafiq bank qarşısında qaldırması, müraciətləri nəticəsiz qaldıqda isə tənzimləyici quruma üz tutması tövsiyə olunur.
Vətəndaşların belə hallarda bankomatın yerləşdiyi məntəqəni, əməliyyatın tarixini və saatını qeyd etməsi, həmçinin əskinasın vəziyyətini fotoşəkillə sənədləşdirməsi müraciət zamanı faydalı olar. Banka yazılı müraciət etmək isə şikayətin qeydə alınmasını və cavabın izlənilməsini asanlaşdıra bilər”.
Beləliklə, bankomatdan zədəli pul çıxması vətəndaşın məsələni həll etmək üçün müraciət etməsinə mane olmamalıdır. Bankla aparılan müzakirələr nəticə vermədikdə, vətəndaş şikayətini Mərkəzi Banka ünvanlaya bilər.













