Sumqayıt Muğam Mərkəzində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Birlikdən doğan güc– Qərbi Azərbaycana gedən yol” adlı tədbir keçirilib. Tədbir Azərbaycan gəncliyinin könüllülük fəaliyyətinə, milli birliyə, həmrəyliyə və Qərbi Azərbaycana qayıdış ideyasına həsr olunub.
Gündəm24.az xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, şəhərin idarə və müəssisə rəhbərləri, ictimai birliklərin nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin rəsmi hissəsini Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov açıb. O, çıxışında bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası təkcə bir bölgəyə dönüş arzusu deyil, həm də xalqın tarixi ədalətinin və milli yaddaşının bərpasıdır. Ramiz İsmayılov qeyd edib:
“Birlikdən doğan güc bizi Qərbi Azərbaycana aparan mənəvi yolun əsas dayağıdır. Bu yolda ən böyük qüvvə həmrəyliyimiz, milli birliyimiz və gəncliyimizin enerjisidir.”
Daha sonra “Könüllülük sisteminin gələcəyə töhfəsi” mövzusunda çıxış edən Fuad Məmmədov gənclərin sosial layihələrdə, ekoloji və humanitar təşəbbüslərdə fəal iştirakının əhəmiyyətindən danışıb. O, bildirib ki, könüllülük sadəcə yardım deyil, vətəndaş məsuliyyətinin və milli şüurun təzahürüdür.
Daha sonra Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxış edərək partiyanın gənclər siyasətindən, könüllülük hərəkatına verdiyi dəstəkdən və gənclərin dövlət quruculuğunda oynadığı roldan söz açıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər dövlətin inkişaf strategiyasının əsas aparıcı qüvvəsinə çevriliblər.
Ardınca Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. O vurğulayıb ki:
“44 günlük Vətən müharibəsində xalqımızın birliyi, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı bu gün bizi Qərbi Azərbaycana aparan yolun mənəvi dayağına çevrilib.”
“Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatlar” mövzusunda təqdimatla çıxış edən şəhid anası və ictimai fəal Ruhiyyə Əhmədova gənclərə vətən sevgisi, mərdlik və milli dəyərlərə sədaqət barədə dərin mənalı fikirlər çatdırıb. O bildirib ki, şəhidlərin ruhuna ən böyük hörmət onların arzularını yaşatmaq, Vətənə xidmət və birliyimizi qorumaqdır. Onun çıxışı tədbir iştirakçıları tərəfindən böyük hörmət və alqışla qarşılanıb.
Tədbirin davamında gənc müəllimə Gülçin Qasımova çıxış edərək gəncləri elmə, milli dəyərlərə və ictimai fəaliyyətə bağlı olmağa çağırıb. O, qeyd edib ki, “Qərbi Azərbaycana gedən yol yalnız torpağa deyil, həm də mənəviyyata və milli kimliyə qayıdışdır.”
Tədbirin bədii hissəsində tələbələrin hazırladığı videoçarx, musiqi və rəqs nömrələri, eləcə də team-building oyunları nümayiş etdirilib. Bu hissədə gənclər birliyin, yaradıcılığın və könüllülük ruhunun parlaq təcəssümünü göstəriblər.
Tədbirin sonunda vurğulanıb ki, “Birlikdən doğan – Qərbi Azərbaycana gedən yol” ideyası Azərbaycanın gələcəyinə inamın, milli birliyin və könüllülük hərəkatının simvoluna çevrilib.
Bu gün gənclər Qərbi Azərbaycana qayıdışın yalnız siyasi deyil, həm də mənəvi və tarixi proses olduğunu anlayır, bu istiqamətdə öz üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirlər.
Tədbir sonda iştirakçılar tərəfindən yüksək ruh yüksəkliyi və alqışlarla başa çatıb.






























