İran tərəfindən Naxçıvan istiqamətində baş verən hücum vəziyyəti daha da gərginləşdirir.
Hadisənin ən narahatedici tərəflərindən biri isə zərbənin məktəb yaxınlığına endirilməsidir – üstəlik bu, uşaqların məktəbdə olduğu saatlara təsadüf etdi…
Qınadığını yaşamadan ölməzsən deyirlər, amma deyəsən İran qınadığını yaşatmağa çalışır…
Maraqlı məqam ondan ibarətdir ki, cəmi bir neçə gün əvvəl İranın özündə məktəb vurulub, nəticədə çox sayda məktəbli həyatını itirib. Tehran həmin hadisəni dünya mediasına geniş şəkildə təqdim etdi, uşaqların hədəfə alınmasını insanlıq əleyhinə cinayət kimi göstərdi. Bu xəbərlər elə Azərbaycanda da böyük üzüntü ilə qarşılandı. Azyaşlıların qan içərisindəki məktəbli çantaları bizi dərindən sarsıtdı və açıq formada sosial şəbəkələrdə bunu qınadıq. Amma çox keçmədi ki, Naxçıvanda məktəb yaxınlığının vurulması barədə məlumat yayıldı. Məktəblər və mülki obyektlər müharibə zamanı belə toxunulmaz sayılır. Bu, beynəlxalq humanitar hüququn əsas qaydalarından biridir. Yaxşı, bəs edilən hücum nə anlama gəlir? Bu, İranın bizə “sağ ol” cavabıdır?
Daxildən parçalanan dövlətə xarici qüvvələr nə etsin?
Digər tərəfdən, İranın rəsmi qurumlarının Naxçıvana edilən hücumdan xəbərsiz olduqlarını deməsi də əlavə suallar yaradır. Bir tərəfdən hücumun arxasında xarici qüvvələrin dayandığı iddia olunur, digər tərəfdən isə hücumun İran ərazisindən həyata keçirildiyi barədə məlumatlar səslənir. Bəzi mənbələr bu addımın SEPAH tərəfindən atıldığını ehtimal edir. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir. Əgər hücum doğrudan da İran ərazisindən edilibsə, o zaman rəsmi qurumların bundan xəbərsiz olması sual doğurur. Əgər xəbərləri yoxdursa, bu artıq dövlət daxilində koordinasiya problemlərinin olduğunu göstərir. Belə ziddiyyətli açıqlamalar isə regionda onsuz da gərgin olan vəziyyəti daha da qaranlıq edir və hadisənin arxasında duran real səbəblərlə bağlı şübhələri artırır.
Bu hadisə ilə bağlı Tehran tərəfindən səsləndirilən başqa arqument isə vəziyyəti daha da ziddiyyətli göstərir. İran tərəfi iddia edir ki, Naxçıvan istiqamətində baş verən hücum əslində İsrail tərəfindən İranla qonşu müsəlman ölkələri arasında münasibətləri pozmaq məqsədi ilə törədilmiş təxribat ola bilər. Lakin bu izah bir sıra suallar doğurur. Azərbaycan ilə İsrail arasında münasibətlər regionda yeni və gizli bir məsələ deyil. İllərdir davam edən siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı açıq şəkildə mövcuddur və bu fakt heç kim üçün sirr sayılmır.
Azərbaycanın mövqeyi aydındır: ölkə heç bir regional münaqişənin tərəfi olmaq istəmir. Lakin Prezident İlham Əliyevin bu hadisələrin fonundakı bəyanatı da aydındır – Azərbaycanın ərazisinə və vətəndaşlarına qarşı hər hansı təhlükə cavabsız qalmayacaq!/Sfera.az













