Bəzi mağazalarda, hətta yol kənarında meyvə-tərəvəz satılan yerlərdə ananasın qiyməti cəmi 2 manatdır.
Bəs bu qədər ucuz satılan ananasları almaq və istehlak etmək təhlükəsizdirmi? Onların keyfiyyəti və saxlanma şəraiti ilə bağlı hansı məqamlara diqqət yetirmək lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, havaların istiləşməsi ilə əlaqədar olaraq, ananas məhsulunda, xüsusilə də qeyri-qənaətbəxş şəraitdə saxlanılan və satılan məhsullarda boşalmalar, xarici görünüşdə əzilmələr və turşuluq hissi müşahidə olunur:
“Belə məhsulların əvvəlki qiymətə satışı qəbul olunmur və satıcılar insanları qiyməti aşağı salmaqla cəlb etməyə çalışırlar. Digər tərəfdən, hər meyvənin öz mövsümündə yeyilməsi məsələsi var. Bu baxımdan ananasın əsasən yay mövsümündə deyil, daha çox qış aylarında yeyilməsinə üstünlük verilir. Havaların isti keçməsi də təbii olaraq ananasın saxlanma şəraitinə təsir edən amillərdən biridir. Yol kənarlarında və normal olmayan şəraitdə satılan ananaslara gəldikdə isə, bu təkcə həmin məhsula aid deyil. İstər ananas, istərsə də digər meyvə və tərəvəzlərin açıq havada, xüsusilə temperaturun yüksək olduğu və soyuq zəncir qaydalarına əməl olunmayan yerlərdən alınması tövsiyə olunmur. Eyni vəziyyəti küçələrdə satılan banan, gilas, ərik və şaftalı kimi digər meyvələrdə də müşahidə etmək mümkündür. Daha yaxşı olar ki, bu məhsullar davamlı və etibar qazanmış məkanlardan alınsın. Çünki etibarlı olmayan yerlərdən alınan məhsullar hər zaman istehlakçılarda narazılıq yarada bilər”.














