Pietro Parolin cavabın bir az vaxt aparacağını vurğuladı.
Vatikanın dövlət katibi kardinal Pietro Parolin bildirib ki, Papa XIV Leo ABŞ tərəfindən Yaxın Şərq sülh prosesinin bir hissəsi kimi yaradılan və Qəzza zolağının idarə olunmasını nəzərdə tutan Sülh Şurasına qoşulmaq üçün rəsmi dəvət alıb. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp müxtəlif ölkələrin bu qurumda iştirakını istəyir və Vatikan da həmin dəvəti qəbul edib, lakin qərar vermək üçün məsələ hazırda qiymətləndirilir.
Gündəm24.az xəbər verir ki, ANSA xəbər agentliyinin məlumatına əsasən, Parolin qeyd edib ki, Papa dəvəti şəxsən alıb və cavabın verilməsi bir qədər vaxt aparacaq. Eyni zamanda, Qəzza üzrə Sülh Şurasına Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla bir sıra xarici liderlər də dəvət olunub. Kremlin sözçüsü Dmitri Peskov təklifin hazırda araşdırıldığını açıqlayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp İsrail və Fələstin HƏMAS hərəkatı arasında əldə olunmuş razılaşmalar çərçivəsində yaradılacaq bu beynəlxalq quruma sədrlik etmək niyyətindədir. Bloomberg yazır ki, Tramp Sülh Şurasının səlahiyyətlərini və nizamnaməsini yanvarın 22-də Davosda keçiriləcək Dünya İqtisadi Forumu zamanı təsdiqləməyi planlaşdırır.
Sədaqət Həsənova














