Rusiya lideri Donald Trampa bildirib ki, münaqişənin həlli ilə bağlı danışıqlarda Moskvanın mövqeyi yenidən qiymətləndiriləcək.
Gündəm24.az xəbər verir ki, Kiyevin Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına pilotsuz təyyarələrlə hücum etdiyi iddiası dünya gündəmini silkələyib. Hadisə ilə bağlı aparıcı ölkələrdən və siyasətçilərdən ard-arda sərt açıqlamalar gəlib.
ABŞ prezidenti Donald Tramp bu xəbərlərə görə “çox qəzəbli” olduğunu bildirib. Çin münaqişə tərəflərini eskalasiyadan çəkinməyə və siyasi həll üçün şərait yaratmağa çağırıb. Hindistanın baş naziri Narendra Modi baş verənlərdən narahatlığını ifadə edib, Birləşmiş Ərəb Əmirlikləri isə hücum cəhdini “acınacaqlı hücum” adlandıraraq pisləyib.
Bir sıra siyasətçilər hücumun sülh danışıqlarını pozmağa yönəldiyini bildirib. Nikaraqua rəhbərliyi Putinə həmrəylik nümayiş etdirib, Abxaziya prezidenti Badra Qunba dron hücumunu kəskin şəkildə qınayıb. Ukraynanın sabiq baş naziri Nikolay Azarov isə Kiyevin addımlarını sülhə əsas maneə kimi dəyərləndirib.
Rusiya tərəfi isə sərt mövqe ortaya qoyub. Rəsmi açıqlamalara görə, hücum zamanı 91 uzaqmənzilli döyüş dronu istifadə edilib, lakin hamısı məhv edilib və itki qeydə alınmayıb. Moskva hadisənin cavabsız qalmayacağı barədə açıq mesaj verib.
Sədaqət Həsənova













