Azərbaycanda heyvanların erkən kəsiminə görə cərimənin tətbiqi məsələsi hazırda gündəmdədir.
Maraqlıdır, erkən kəsim ətin keyfiyyətinə və qida təhlükəsizliyinə necə təsir edir?
Qida eksperti İlkin Şirinov Redaktor.az-a açıqlamasında bildirdi ki, erkən kəsimə görə cərimələrin tətbiqinin əslində qida təhlükəsizliyi ilə əlaqəsi yoxdur:
“Çünki erkən kəsilən heyvanlarda hər hansı qida təhlükəsizliyi riski mövcud olmur. Lakin bu məsələ damazlığın qorunması və heyvandarlığın inkişafı baxımından çox önəmlidir. Erkən kəsim damazlıq heyvanların sayının azalmasına və ümumilikdə heyvandarlığın inkişafına ciddi mənfi təsir göstərir”.

Müsahibimiz qeyd etdi ki, bu məsələ daha çox ətin qida dəyəri və heyvandarlığın gələcəyi ilə bağlıdır:
“Erkən kəsilən heyvanlarda əzələ toxumaları tam inkişaf etmir. 3-4 aylıq quzunun kəsilməsi nə dərəcədə doğrudur? Bəzən insanlar bunu quzu ətinin yumşaqlığı ilə əlaqələndirirlər. Amma bu, qətiyyən belə olmamalıdır. Hər bir heyvanın müəyyən kəsim yaşı olmalıdır və bu yaş da onun çatdığı çəkiyə əsasən müəyyən edilir. Məsələn, 8 aylıq quzu artıq 16-18 kiloqram ət verir. Birillik və ya ikiillik qoç isə 20 kiloqramdan çox ət verə bilir. Bu baxımdan damazlığın qorunması, heyvandarlığın inkişafı və seleksiya işi nəzərə alındıqda, heyvanların erkən kəsimi kənd təsərrüfatına vurulan ziyan kimi qiymətləndirilməlidir. Necə ki, balıqçılıqda nərə cinsli balıqların nəslinin qorunması üçün müəyyən qaydalar tətbiq olunur. Nərə, ağ balıq və digər nərə cinsli balıqların balalarının tutulmasına və istifadəsinə qanunla icazə verilmir. Bu baxımdan mən hesab edirəm ki, erkən kəsimə görə müəyyən cərimələrin tətbiqi çox yaxşı təşəbbüsdür. Bu gün təsərrüfatlarda, eləcə də bəzi kafe və restoranlarda 6, 8, 10 kiloqramlıq quzu əti təqdim olunur. Halbuki ətin də öz yetişmə mərhələsi var”.
Ekspert bunu elmi terminlərlə deyil, insanların daha rahat başa düşəcəyi dildə izah etmək istədiyini bildirdi. O əlavə etdi ki, ətin özünəməxsus iyi, qoxusu və görünüşü olmalıdır. Ətdən süd qoxusu gəlməməlidir.
“Bu gün 7, 8 və ya 9 kiloqramlıq heyvanlar hələ südəmər hesab olunur. Belə heyvanların kəsilməsi qətiyyən doğru deyil. Çünki burada əsas məsələ seleksiyanın və damazlığın qorunmasıdır”.














