Bu gün 9 may 2026-cı il – faşizm üzərində tarixi Qələbənin 81-ci ildönümüdür. Bu əlamətdar gün Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.
Gündəm24.az xəbər verir ki, Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında həm ön, həm də arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlarla strateji rol oynayıb.
Bakı nefti müharibənin taleyini həll edən ən önəmli faktorlardan biri hesab olunur. Müharibə illərində SSRİ-də hasil olunan neftin 70-75%-i, benzinin 80%-i, motor yağlarının isə 90%-i məhz Azərbaycanın payına düşürdü.
Cəbhədəki hər 5 təyyarə, tank və avtomobildən 4-ü Bakı yanacağı ilə hərəkət edirdi. 1941-ci ildə Azərbaycan neftçiləri ölkə tarixində rekord miqdarda – 23,5 milyon ton “qara qızıl” hasil etdilər.
Azərbaycan xalqı cəbhəyə böyük sayda döyüşçü göndərib və itkilər verib.
Müharibə dövründə Azərbaycandan 600-700 min arası insan cəbhəyə yollanıb. Onların təxminən 300 mini döyüşlərdə həlak olub.
Azərbaycanlılardan formalaşdırılan 77-ci, 223-cü, 402-ci və 416-cı kimi milli diviziyalar Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçib.
Göstərdikləri igidliyə görə 123-130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına (Həzi Aslanov bu adı iki dəfə alıb), 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallara layiq görülüb.
Bakı qısa müddətdə nəhəng arsenala çevrilib, burada 130-dan çox silah və sursat növü (məsələn, “Katyuşa” raketləri, “YAK-3” qırıcıları) istehsal edilib.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək oktanlı aviasiya benzini və “Molotov kokteyli” üçün strateji qatqılar kəşf olunub.
Azərbaycan xalqı cəbhəyə 7 tondan çox donor qanı göndərib, ordunun ərzaq və geyim təminatında fəal iştirak edib./Sfera.az













