Suriya ordusu Hələbdəki kürd mövqelərinə zərbə endirməyə hazırlaşır. Bildirilir ki, əsas hədəflərdən biri Şeyx Məqsud kürd məhəlləsinin əraziləridir. Bölgədə gərginliyin daha da artacağı istisna edilmir.
Gündəm24.az xəbər verir ki, “Əl-İxbariya” telekanalı Suriya ordusunun Hələbdə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) qərargahlarına və mövqelərinə zərbə endirməyə hazırlaşdığını bildirib.
Məlumata görə, əsas hədəflər SDQ və PKK döyüşçülərinin Hələb sakinlərinə qarşı əməliyyatlar üçün baza kimi istifadə etdiyi Şeyx Məqsud kürd məhəlləsinin əraziləridir. Komandanlıq mülki əhalini SDQ və PKK mövqelərindən uzaq durmağa çağırıb və planlaşdırılan zərbələrlə bağlı əlavə məlumatın daha sonra açıqlanacağını bildirib.
Yanvarın 8-dən 9-na keçən gecə Suriyanın keçid Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan etsə də, razılaşma qısa müddətdə pozulub. Sazişə əsasən, kürd qüvvələri Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd ərazilərindən yalnız yüngül silahlarla geri çəkilməli, Suriya ordusu isə onların təhlükəsizliyinə zəmanət verməli idi. Lakin bəzi SDQ döyüşçüləri mövqeləri təhvil verməkdən imtina edərək hökumət qüvvələrinə atəş açıb və döyüşləri davam etdiriblər.
Hələbdə vəziyyət yanvarın 6-da SDQ bölmələrinin dronlarla hökumət mövqelərinə hücumundan sonra daha da gərginləşib. Həmin hücum nəticəsində bir Suriya əsgəri həlak olub, bir neçəsi yaralanıb. Atəşkəsin pozulmasına cavab olaraq Suriya ordusu Şeyx Məqsud ərazisində kürd sursat anbarını məhv edib, bundan sonra şəhərin bir neçə nöqtəsində şiddətli toqquşmalar başlayıb. Son məlumatlara görə, kürd koalisiyasının atəşi nəticəsində Hələbdə mülki əhali arasında ölənlərin sayı doqquz nəfərə çatıb, ən azı 55 nəfər yaralanıb.
Sədaqət Həsənova














