Arabesk musiqisinin sevilən simalarından biri olan Hakan Taşıyan ürək tutması keçirdikdən sonra Ankarada xəstəxanaya yerləşdirilib. 52 yaşlı sənətçinin vəziyyətinin hələ də kritik olduğu bildirilir.
Gündəm24.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.Arabesk musiqisinin tanınmış simalarından Hakan Taşıyan infarkt keçirərək təcili şəkildə Ankaradakı xəstəxanalardan birinə yerləşdirilib. Daha əvvəl böyrək və qaraciyər nəqli əməliyyatları keçirdiyi üçün sənətçinin vəziyyətinin kritik olduğu bildirilir. Həkimlər mövcud riskləri nəzərə alaraq müalicə üsullarını diqqətlə dəyərləndirir və mümkün müdaxilələr üçün xüsusi tibbi şura yaradılıb.
Məlumata görə, Taşıyanın səhhəti ilə bağlı vəziyyət Prezident Rəcəb Tayyib Ərdoğana da çatdırılıb. Prezidentin sənətçiyə bütün zəruri tibbi yardımın göstərilməsi ilə bağlı aidiyyəti qurumlara göstəriş verdiyi bildirilir.
1973-cü ildə Ankarada anadan olan Hakan Taşıyan musiqi yoluna gənc yaşlarında bağlama ifaçısı kimi başlayıb. İlk albomu “Hesabım Bitmədi” ilə peşəkar səhnəyə qədəm qoyan sənətçi, xüsusilə 1997-ci ildə çıxardığı “Sensiz İki Gün” albomu ilə geniş şöhrət qazanıb. Taşıyan təkcə musiqi ilə kifayətlənməyib, televiziya seriallarında baş rollarda çıxış edərək aktyorluq sahəsində də tanınıb. İndi isə onun səhhəti ilə bağlı xəbərlər həm pərəstişkarlarını, həm də sənət dünyasını narahat edir.
Sədaqət Həsənova













