“Ermənistan və Azərbaycan arasında sülh kövrəkdir, müharibə ən kiçik səbəbə görə yenidən başlaya bilər”. Bunu erməni konfliktoloq Hrayr Palyan deyib.
“Tərəflərin nəyin üzərində razılaşmasından və ya hətta sənəd imzalamasından asılı olmayaraq, yalnız “soyuq sülh”dən danışmaq olar. Münaqişələr nəzəriyyəsində belə razılaşmalar formal olaraq xarakterizə edilir. Ermənistan və Azərbaycan arasındakı razılaşma da kövrək və müvəqqətidir və ən kiçik səbəb belə müharibənin yenidən başlamasına gətirib çıxara bilər”, – o qeyd edib.
Belə çıxır ki, tərəflər arasında sülh müqaviləsi nə vaxtsa imzalansa belə, müharibə riski qalacaq?
Professor Qabil Hüseynli Musavat.com-a sülhün de-fakto bərqərar olduğunu açıqlayıb. Onun bildirdiyinə görə, müharibənin yenidən başlanmasına zərurət görünmür və əlamətləri müşahidə edilmir: ”Təbii ki, yekun sülh sənədi yoxdursa, həmişə müharibə ehtimalı var. Amma nəzəri fikirdir. Bu gün hər iki tərəf sülh şəraitində yaşamağın üstünlüklərini hiss edir. Ən birinci yaxşı əlaməti hərbi toqquşmaların olmaması və itki verilməməsidir. Erməni ailələri evlərinə tabut gəlməməsini sülhün ən böyük qazancı sayırlar. İkincisi, tranzit embarqosunun götürülməsi, enerji məhsullarının Ermənistana ixracıdır”.
Qabil Hüseynli hesab edir ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib, müharibə üçün əsas görmür, erməni tərəfində isə revanş əhval-ruhiyyəsi qalmaqdadır: “Paşinyan revanşizmin ocağını söndürməyə çalışır. Azərbaycanla sülh quruculuğu, enerji ticarəti buna xidmət edir. Zənnimcə, ermənilər getdikcə dərk etməyə başlayırlar ki, sülh müharibədən yaxşıdır. Çünki faydalarını görürlər. Əgər cəmiyyətin bir hissəsi hələ də Qarabağ iddiası ilə yaşayırsa, özünə zərər vurmağa davam edir”.
Professorun fikrincə, müharibə üçün əlverişli şərait və səbəb yoxdur: “İlk növbədə dünyada gedən proseslər və Cənubi Qafqazda reallıq müharibəni istisna edir. Eyni zamanda, sual yaranır ki, Ermənistan ordusu hansı ərazilərə görə müharibəyə başlayacaq? Əgər yenidən Qarabağa hücum niyyəti varsa, ilk növbədə Paşinyan bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyib, sülh mətni paraflanıb; ikincisi, Azərbaycanın hərbi qüdrəti, güclü müttəfiqləri var, erməniyə isə nə rus, nə fars o dəstəyi verməyəcək. Digər tərəfdən, siyasi şəraitə baxmaq lazımdır. Yəni Avropa Birliyi Ermənistanı Rusiyadan uzaqlaşdırır və bu halda müharibə Qərbə sərf etmir. ABŞ də Ermənistanda təsirini artırır və Vaşinqton imkan verməz ki, hərbi eskalasiya başlasın. Beləliklə, siyasi-iqtisadi, strateji və hərbi səbəblər müharibəni yaxın gələcək üçün istisna edir”.













