Azərbaycanda işçinin ixtisara düşməsi və ya müəssisənin ləğvi səbəbindən işini itirməsi bəzi sığorta məhsulları çərçivəsində ödəniş üçün əsas ola bilər. Bu zaman sığorta təminatının tətbiqi müqavilənin şərtlərindən və əmək münasibətlərinə xitam verilməsinin əsaslarından asılıdır.
Gündəm24.az xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov çərşənbə günü “Sığorta sektorunun maliyyə dayanıqlığında rolu” təlimində deyib.
Onun sözlərinə görə, həyat sığortası və qeyri-həyat sığortası əhatə etdiyi risklərə görə fərqlənir. Həyat sığortası insan həyatı ilə bağlı riskləri əhatə etdiyi halda, qeyri-həyat sığortası çərçivəsində kreditlərin sığortası və işsizliklə bağlı riskləri əhatə edən məhsullar da mövcuddur.
R. Cəfərov bildirib ki, bəzi sığorta məhsulları bədbəxt hadisə, xəstəlik və ya əmək qabiliyyətinin itirilməsi ilə yanaşı, işçinin ixtisara düşməsi və işini itirməsi nəticəsində yaranan maliyyə risklərini də əhatə edə bilər. Belə hallarda sığorta müqaviləsinin şərtlərindən asılı olaraq şəxsin gəlir itkisi kompensasiya oluna bilər.
Şöbə rəisi vurğulayıb ki, sığorta ödənişinin verilməsində işdən çıxarılmanın hansı əsasla baş verməsi mühüm rol oynayır.
“İşdən çıxarılmanın hansı maddə ilə baş verməsi vacibdir. Məsələn, ixtisar və ya müəssisənin ləğvi ilə əlaqədar işin itirilməsi sığorta təminatı çərçivəsində nəzərə alına bilər. İşçinin öz ərizəsi ilə işdən ayrılması isə təminata daxil edilməyə bilər”, – deyə o qeyd edib.
R. Cəfərovun sözlərinə görə, sığorta şirkətləri kommersiya təşkilatları olduğundan məhsulların şərtlərini müəyyənləşdirərkən öz risklərini, risk portfellərini və riskləri qəbul etmək imkanlarını nəzərə alırlar. Buna görə də sığorta təminatının əhatə dairəsi və ödəniş üçün əsaslar konkret məhsulun qaydaları ilə müəyyən olunur.
O bildirib ki, hazırda Azərbaycanda qeyri-həyat sığortası çərçivəsində bu tip sığorta məhsullarını təqdim edən bir-iki şirkət fəaliyyət göstərir: “Bu məhsullardan yararlanmaq istəyən şəxslər müqavilə bağlamazdan əvvəl təminatın hansı hallara şamil olunduğunu və hansı halların istisna edildiyini dəqiqləşdirməlidirlər”.













