Məsələ ilə bağlı bəzi media resurslarında yayılan məlumatların birtərəfli və qərəzli şəkildə təqdim olunduğu diqqət çəkir. Faktlar göstərir ki, sözügedən balıq məhsulu yanvarın 4-də marketdən alınıb, lakin dərhal istifadə olunmayıb. Məhsul evə aparılaraq soyuducunun buzxanasında saxlanılıb və yalnız yanvarın 17-də, yəni təxminən 13 gün sonra istifadə olunub. Qida təhlükəsizliyi baxımından isə məhsulun alındıqdan sonra hansı şəraitdə saxlanılması, dondurulma və sonradan əridilmə prosesinin necə həyata keçirilməsi son dərəcə mühüm amillər hesab olunur.

Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən marketdə yerində yoxlama aparılıb. Yoxlama zamanı məhsulların saxlanma şəraiti, satış bölmələri, soyuducu avadanlıqların temperatur rejimi və ümumi gigiyenik vəziyyət ətraflı şəkildə araşdırılıb. Aparılan baxış zamanı məhsulların saxlanması və satışı prosesində qida təhlükəsizliyi qaydalarına əməl olunduğu müəyyən edilib.


Bununla yanaşı, satışda olan balıq məhsullarından rəsmi qaydada nümunələr götürülərək laborator müayinəyə göndərilib. Aparılan analizlərin nəticəsinə əsasən məhsulun tərkibində hər hansı patoloji mikroorqanizm və ya təhlükəli maddə aşkarlanmayıb. Bu barədə laboratoriyanın rəsmi analiz cavabları və nəticələri mövcuddur.
Belə olan halda, heç bir elmi və laborator sübut olmadan konkret bir ticarət obyektini ittiham etmək nə hüquqi, nə də etik baxımdan doğru yanaşma sayıla bilməz. Qida zəhərlənməsi halları çox vaxt məhsulun alındıqdan sonra düzgün saxlanılmaması, dəfələrlə dondurulub-əridilməsi və ya gigiyenik qaydalara əməl edilmədən hazırlanması nəticəsində də baş verə bilər.
Təəssüf doğuran məqam isə bəzi media qurumlarının məsələni hərtərəfli araşdırmaq, rəsmi qurumların mövqeyini öyrənmək və laborator nəticələrlə maraqlanmaq əvəzinə yalnız bir tərəfin iddialarını əsas götürərək mövzuya yanaşmasıdır. Halbuki jurnalistikanın əsas prinsiplərindən biri obyektivlik və balanslı mövqedir. Əgər məsələ həqiqətən ictimai maraq doğurursa, o zaman həm şikayətçi tərəfin iddiaları, həm də aparılmış rəsmi yoxlamaların nəticələri, laborator analizlər və məsul qurumların mövqeyi ictimaiyyətə təqdim olunmalıdır. Əks halda bu cür birtərəfli yanaşmalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, əsassız ittihamların yayılmasına səbəb olur.
Gündəm24.az xəbər verir ki, Sumqayıt şəhərindəki “Gold Qayalı” marketin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri İlkin Şirinov məsələ ilə bağlı açıqlamasında bildirib ki, sözügedən hisə verilmiş balıq məhsulu yanvarın 4-də marketdən alınmış, lakin dərhal istifadə olunmamışdır. Məhsul ev şəraitində soyuducunun buzluğunda təxminən iki həftə saxlanılmış və yalnız yanvarın 17-də istifadə olunmuşdur.
Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi yoxlamalar nəticəsində məhsulların saxlanması və satışı zamanı qida təhlükəsizliyi qaydalarına əməl olunduğu müəyyən edilib. İlkin Şirinov qeyd edib ki, balıq məhsulundan götürülən laborator nümunələrin analiz nəticələrinə görə, məhsulun tərkibində hər hansı patoloji mikroorqanizm və ya təhlükəli maddə aşkarlanmayıb, yəni balıqdan zəhərlənmə faktı təsdiqini tapmayıb.
O həmçinin vurğulayıb ki, heç bir laborator sübut olmadan marketi ittiham etmək nə hüquqi, nə də etik baxımdan doğru deyil. İlkin Şirinov jurnalistikanın əsas prinsiplərindən biri olan obyektivlik və balanslı mövqenin vacibliyini qeyd edərək, media qurumlarını məsələni hərtərəfli araşdırmağa çağırıb.

















