Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi, yetişdirilmə şəraiti və saxlanma müddəti istehlakçıları düşündürür.
Bəs mövsümündə yetişməyən meyvə və tərəvəzlər insan sağlamlığı üçün təhlükə yaradırmı? Belə məhsulların qida dəyəri mövsümündə yetişənlərlə müqayisədə nə dərəcədə fərqlənir?
Gündəm24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan qida texnoloqu Ağa Salamov bildirib ki, mövsümündə yetişməyən meyvələrin istehlakı özlüyündə insan sağlamlığına zərər vermir.

“Bu cür məhsullar, əsasən, istixanalarda yetişdirilir və ya xarici ölkələrdən Azərbaycana gətirilir. Lakin sağlam qidalanma baxımından mövsümündə yetişən meyvələrə üstünlük vermək daha məqsədəuyğundur.
Mövsümündə yetişən meyvələrdən faydalanmaq daha yaxşı seçimdir. Mövsümündən kənar yetişdirilən məhsulların zərərli olduğunu demək düzgün olmasa da, onların istehlakında məhsulun yetişdirilmə və saxlanma şəraitini nəzərə almaq vacibdir”.
Beləliklə, mövsümündə yetişməyən meyvə və tərəvəzlərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. Əsas məsələ məhsulların keyfiyyətinə, təzəliyinə və təhlükəsizliyinə diqqət yetirməkdir. İstehlakçılar meyvə və tərəvəz alarkən onların xarici görünüşü ilə yanaşı, mənşəyinə və saxlanma şəraitinə də fikir verməlidirlər.













