ABŞ-ın xüsusi nümayəndəsi Vitkoffun 22 yanvar cümə axşamı günü Rusiya lideri Putinlə görüşəcəyi bildirilir.
Gündəm24.az xəbər verir ki, Reuters-in məlumatına görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkov CNBC-yə müsahibəsində yanvarın 22-si, cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə görüşməyə ümid etdiyini bildirib və son həftələrdə Ukrayna məsələsi üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, Cenevrədən bəri keçən 6–7 həftə ərzində son bir neçə ildə olduğundan daha çox nəticə əldə edilib.
Bu fonda Kremlin sözçüsü Dmitri Peskov Putinin Vitkovla görüşünü rəsmi şəkildə təsdiqləyib və görüşün prezidentin gündəliyində yer aldığını açıqlayıb. Daha əvvəl Bloomberg Vitkov və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskvaya səfər planlaşdırdığını yazmış, tərəflərin Ukrayna münaqişəsinin həlli və təhlükəsizlik zəmanətlərini müzakirə etdiyini bildirmişdi.
ABŞ, Rusiya və Ukrayna arasında gedən bu intensiv diplomatik trafik fonunda həm Moskvadan, həm də Vaşinqtondan verilən açıqlamalar göstərir ki, tərəflər mövqelərini yenidən nəzərdən keçirir və cəbhədəki vəziyyət danışıqlar prosesinə birbaşa təsir edir.
Sədaqət Həsənova














