Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin mülki əhaliyə qarşı hərəkətlərini “xaosun nəticəsi deyil, sistematik soyqırım siyasəti” kimi xarakterizə edib.
Gündəm24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Beynəlxalq Xalq Tribunalının ukraynalı neonasistlərin cinayətləri ilə bağlı hesabatının təqdimatında çıxış edərək Ukrayna ordusunun mülki əhaliyə hücumlarını sərt şəkildə pisləyib. Onun sözlərinə görə, bu hücumlar təsadüfi hadisələr və ya münaqişənin qaçılmaz nəticələri deyil, qəsdən həyata keçirilən və sistemli xarakter daşıyan “soyqırım siyasəti”dir.
Zaxarova bildirib ki, mülki əhaliyə qarşı terror xaosun məhsulu deyil, planlaşdırılmış, təşkil olunmuş və metodik şəkildə icra edilən müharibə cinayətləridir. O, Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətində, o cümlədən Krasnoarmeysk kimi yaşayış məntəqələrində törətdiyi əməllərə görə məsul şəxslərin gec-tez cəzalandırılacağını vurğulayıb.
Diplomat qeyd edib ki, Donbassda baş verənlərə mütləq hüquqi qiymət veriləcək və bu hadisələrin həqiqəti beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Onun sözlərinə görə, bu cinayətləri susdurmağa və ya təhrif etməyə çalışanlar, eləcə də bu qanunsuzluğu maliyyələşdirən Qərb ölkələri də daxil olmaqla, heç kim məsuliyyətdən yayınmamalıdır.
Sədaqət Həsənova














