Ermənistan ərazisinə keçən azərbaycanlı əsgər Nəsimi Musayevin istintaqa verdiyi ifadə ilə bağlı məlumat yayılıb.
Gündəm24.az Musavat.com-a istinadən xəbər verir ki, erməni mediasına istinadən bildirir ki, guya əsgər “onun açdığı atəş nəticəsində yaralanan Ani Avetisyanın ifadəsi ilə ziddiyyət təşkil edən açıqlama verib”.
Dindirilmə zamanı əldə edilən təfərrüatları yayımlayan “Zhoghovurd” qəzetinin məlumatına görə, Nəsimi Musayev heç kimə xəsarət yetirmək niyyətində olmadığını bildirib. Əsgər deyib ki, o, saxlanılan zaman dəfələrlə buraxılmasını xahiş edib, lakin ev sahibi onun silahını tutmağa cəhd edərkən “atəş açmaq məcburiyyətində qalıb”.
Bundan əlavə, Musayev yazılı şəkildə bildirib ki, həmin qadın və ailə üzvləri sonradan hücum edərək onu bıçaqlayıb və döyüblər.
Nəşr belə bir qənaətə gəlir ki, yaradılan təəssürata görə, erməni ailəsi Nəsimi Musayevə hücum edərkən o, sadəcə orada heç bir günahı olmadan dayanıbmış.
Qarakilsə rayonunun Şəki kənd sakini olan “zərərçəkmiş” Ani Avetisyan isə mediaya bildirib ki, o, evə daxil olarkən Musayev guya artıq onun uşaqlarını silahla hədələyirmiş.
“Daha sonra hərbçi üç dəfə atəş açıb və yalnız bir dəfə hədəfdən yayınıb. Ani Avetisyanın sözlərinə görə, o, Musayevin silahına yenidən patron yerləşdirdiyini gördükdən sonra ona bıçaqla zərbə endirib və bununla da bütün ailəsini ölümdən xilas edib”, – erməni mediası yazır.
Aydın şəkildə görünür ki, Ermənistan bu hadisədən şou hazırlayıb.













