Parlament sədrinin müavini bunu ABŞ-ın hərəkətləri ilə əlaqələndirdi.
Gündəm24.az xəbər verir ki, Fransa Milli Assambleyasının sədr müavini Klemens Höte ölkənin NATO-dan çıxması ilə bağlı qətnaməni parlamentdə səsverməyə çıxarmaq niyyətində olduğunu açıqlayıb. Siyasətçi bu qərarını ABŞ-ın son dövrlərdəki hərəkətləri ilə əsaslandırıb və mövzunun Fransa ictimai-siyasi gündəmində getdikcə daha çox müzakirə olunduğunu bildirib.
Höte özünün Telegram kanalında yazıb ki, Fransanın ABŞ-ın rəhbərlik etdiyi və ona xidmət edən hərbi ittifaq – Şimali Atlantika Müqaviləsi Təşkilatında iştirakı məsələsi heç vaxt olmadığı qədər kəskin şəkildə gündəmə gətirilir. Parlamentin vitse-spikeri ABŞ-ın Qrenlandiya ilə bağlı iddialarını, eləcə də Venesuela prezidenti Nikolas Maduronun zorakı hücum nəticəsində qaçırılması ilə bağlı iddiaları misal çəkib.
O, həmçinin Amerika rəhbərliyini beynəlxalq hüququ pozaraq insanları bombalamaqda ittiham edib və bu siyasətin Fransa üçün qəbuledilməz olduğunu vurğulayıb. Höteyə görə, məhz bu amillər Fransanın NATO-da iştirakının yenidən qiymətləndirilməsini zəruri edir.
Qeyd edək ki, Fransa 1949-cu ildə alyansın yaradılmasından bəri NATO-nun üzvüdür. 1966-cı ildə Prezident Şarl de Qollun təşəbbüsü ilə ölkə siyasi iştirakını saxlayaraq NATO-nun hərbi strukturundan çıxmışdı. Lakin 2009-cu ildə Prezident Nikola Sarkozinin rəhbərliyi dövründə Fransa yenidən alyansın komandanlıq strukturlarına tam şəkildə qayıdıb.
Sədaqət Həsənova














