Polşada iki keçmiş kəşfiyyat orqanı rəhbəri İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanmış Pegasus casus proqram sisteminin istifadəsi ilə əlaqədar ittiham olunub.
Gündəm24.az xəbər verir ki, Polşa Milli Prokurorluğunun açıqlamasına görə, Polşa Daxili Təhlükəsizlik Xidmətinin (ABW) keçmiş rəhbəri Pyotr P. və Hərbi Əks-Kəşfiyyat Xidmətinin (SKW) keçmiş rəhbəri Maciej M. Pegasus casus proqramının istifadəsi ilə bağlı vəzifələrini yerinə yetirməməkdə ittiham olunublar. Onlar sistemin məxfi məlumatların qorunması tələblərinə cavab verib-vermədiyini yoxlamadan istifadəsinə icazə verməkdə suçlanırlar.
Sistem zəruri hüquqi İT təhlükəsizliyi akkreditasiyasına malik deyildi və “məxfi” və “ən yüksək məxfi” məlumatların işlənməsi üçün təhlükəsizliyi təsdiqlənməmişdi. Bu vəziyyətin, kəşfiyyat fəaliyyəti zamanı toplanan alətlərin, metodların və məxfi məlumatların qorunmamasına, nəticədə isə ictimai ziyana səbəb olduğu bildirilib.
Hər iki şübhəli cinayəti törətdiklərini inkar edib və ifadə verməkdən imtina ediblər. Onlar üçün məhkəmə nəzarəti və qabaqlayıcı tədbirlər zəruri sayılmayıb. İttihamların cəzası 3 ilə qədər həbs nəzərdə tutur.
Pegasus casus proqramı İsrailin NSO Group şirkəti tərəfindən hazırlanıb və dünyada istifadəçilərin xəbəri olmadan telefon danışıqlarını dinləmək, elektron poçtları izləmək, səs yazmaq və şəkil çəkmək kimi casusluq fəaliyyətləri üçün istifadə edildiyi ortaya çıxıb.
Polşanın Baş naziri Donald Tusk 2024-cü ilin fevralında sələfi Mateuş Moravetskinin administrasiyasını hökumət rəsmilərinin Pegasus proqramından qanunsuz istifadə etməsi ilə günahlandırmışdı.
Sədaqət Həsənova












