Bakıda piyada infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr şəhərin müasir və rahat yaşayış məkanına çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtda aparılan genişmiqyaslı abadlıq, nəqliyyat və şəhərsalma layihələri nəticəsində sakinlərin rahatlığı və təhlükəsizliyi prioritet istiqamətlərdən birinə çevrilib. Bu siyasətin davamı olaraq, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Bakı mərkəzində yerləşən bir sıra küçələrin piyadalaşdırılması ilə bağlı qərar qəbul olunub. Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin avtomobilsiz məkanlara çevrilməsi şəhərin tarixi-mədəni irsinin daha əlçatan olmasına şərait yaradacaq. Hazırda nəqliyyat sıxlığının müşahidə olunduğu bu ərazilər yaxın gələcəkdə piyadalar üçün daha rahat və təhlükəsiz zonalara çevriləcək. Layihə çərçivəsində dünya təcrübəsinə uyğun müasir şəhər mühiti formalaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, tarixi binaların yerləşdiyi küçələrdə turistlərin və şəhər sakinlərinin sərbəst hərəkət imkanları genişlənəcək. Piyada zonalarının artırılması şəhər mərkəzində ekoloji mühitin yaxşılaşmasına və nəqliyyat yükünün optimallaşdırılmasına da töhfə verəcək. Həmçinin Xaqani bağı, Fəvvarələr meydanı, Qış parkı və Mərkəzi park arasında fasiləsiz piyada marşrutlarının yaradılması Bakının urbanistik inkişafında yeni mərhələ hesab olunur. Bu addım paytaxtın simasının daha da müasirləşməsinə və insanların şəhər məkanlarından istifadəsinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə imkan verəcək. Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən şəhərsalma və abadlıq siyasəti çərçivəsində Bakı dünyanın qabaqcıl şəhərlərində tətbiq olunan müasir piyada məkanları modelinə daha da yaxınlaşır.

Milli Məclisin deputatı Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında deyib ki, Bakı şəhərinin mərkəzində bir sıra küçələrin piyadalaşdırılması layihəsi düzgün planlaşdırılıb:
“Bunlar həyata keçirildiyi təqdirdə, şəhərin daha təhlükəsiz, ekoloji cəhətdən daha təmiz və həm sakinlər, həm də turistlər üçün daha rahat məkana çevrilməsinə mühüm töhfə verə bilər. Bu yanaşma dünyanın bir çox inkişaf etmiş şəhərlərində tətbiq olunan insan mərkəzli şəhərsalma prinsiplərinə uyğundur. Bu prosesdə nəqliyyatın təşkili, təhlükəsizlik və əlçatanlıq kimi məsələlərin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Piyadalar üçün ayrılmış məkanların artması yol-nəqliyyat hadisələri riskinin azalmasına şərait yaradır. İnsanlar küçələrdə daha rahat və təhlükəsiz hərəkət edə bilir, xüsusilə mərkəzi ərazilərdə avtomobil və piyada axınlarının ayrılması şəhər mühitini daha nizamlı və cəlbedici edir. Avtomobil hərəkətinin azalması səs-küyün və havanın çirklənmə səviyyəsinin aşağı düşməsinə də müsbət təsir göstərə bilər. Küçələrin ictimai məkanlara çevrilməsi insanların istirahəti və ünsiyyəti üçün daha əlverişli şərait yaradır. Eyni zamanda yaşıllıq sahələrinin artırılması, mikromobillik infrastrukturu və açıq məkanların yaradılması imkanları da genişlənir. Layihənin iqtisadi üstünlükləri də diqqətəlayiqdir. Dünyanın müxtəlif şəhərlərinin təcrübəsi göstərir ki, piyadalaşdırılmış küçələrdə mağazalar, kafe və restoranlar üçün müştəri axını artır. Turistlər üçün şəhər mərkəzi daha cəlbedici olur və bu da yerli biznesin inkişafına əlavə dəstək verir. Bununla yanaşı, əmlak və kommersiya obyektlərinin cəlbediciliyi yüksəlir, insanların küçələrdə daha çox vaxt keçirməsi şəhər həyatının canlanmasına səbəb olur. Piyada zonaları küçə tədbirləri, sərgilər, festivallar və digər ictimai-mədəni fəaliyyətlər üçün də yeni imkanlar yaradır”.

Onun sözlərinə görə, tarixi və memarlıq baxımından əhəmiyyətli binaların daha rahat müşahidə olunması, muzeylərə və digər mədəniyyət obyektlərinə marağın artması da mümkün nəticələr sırasındadır:
“Bununla yanaşı, müəyyən çağırışlar da mövcuddur. Avtomobil hərəkətinin digər küçələrə yönləndirilməsi bəzi ərazilərdə nəqliyyat sıxlığının artmasına səbəb ola bilər. Buna görə də parklanma və logistika məsələlərinin düzgün həll edilməsi vacibdir. Həm avtomobillə gələn şəxslərin rahatlığı, həm də xidmət sahələrinin fəaliyyəti baxımından bu amillər xüsusi diqqət tələb edir. Digər mühüm məsələ ictimai nəqliyyatın əlçatanlığı və alternativ marşrutların təşkilidir. Piyadalaşdırma layihələrinin uğuru böyük ölçüdə rahat və səmərəli ictimai nəqliyyat sistemindən asılıdır. Ümumilikdə, Bakı şəhərinin gələcək inkişaf konsepsiyasına və Baş planına uyğun olaraq daha piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədəuyğun görünür. Bu yanaşmanın gələcəkdə digər şəhər və rayon mərkəzlərində də tətbiq olunacağı gözlənilir. Nəticədə şəhərlərimizin insanların rahat, təhlükəsiz və keyfiyyətli həyat sürməsi üçün müasir şəhərsalma meyarlarına uyğun şəkildə inkişaf etməsi mümkün olacaq”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı deyib ki, Bakı şəhərində piyada zonalarının və piyada dəhlizlərinin yaradılması istiqamətində işlər davam etdirilir:
“Bu çərçivədə Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul olunub. Layihənin dünya təcrübəsinə əsaslanaraq həyata keçirilməsi nəzərdə tutulur. 19-20-ci əsrlərə aid tarixi tikililərin yerləşdiyi bu küçələr əvvəllər paytaxtın ən sıx avtomobil hərəkəti olan əraziləri hesab olunurdu. Nəqliyyat sıxlığı səbəbindən həm şəhər sakinləri, həm də turistlər burada yerləşən tarixi-memarlıq abidələri ilə rahat şəkildə tanış olmaq imkanı əldə edə bilmirdilər. Eyni zamanda, sözügedən küçələrdə səkilərin nisbətən dar, piyada axınının isə intensiv olması səbəbindən ərazi faktiki olaraq daha çox piyadalar tərəfindən istifadə olunur”.
O qeyd edib ki, bütün bu amillər nəzərə alınaraq, piyadalar arasında populyarlığı ilə seçilən həmin küçələrin tamamilə avtomobilsiz məkana çevrilib:
“Layihənin icrası nəticəsində Bakının mərkəzində yerləşən piyada küçələrinin ümumi uzunluğu əhəmiyyətli dərəcədə artıb, şəhərin piyada infrastrukturu daha da inkişaf etdirilib. Piyadalaşdırılacaq küçələrdə mövcud parklanma yerlərinin yaxınlıqdakı kəsişən küçələrə köçürülməsi, həmçinin əlavə parklanma sahələrinin yaradılması nəzərdə tutulub. Bununla yanaşı, operativ xidmət, fövqəladə hallar və kommunal təsərrüfat avtomobillərinin əraziyə daxil olması üçün bütün zəruri şərait təmin edilib. Bu səbəbdən layihənin nəqliyyat əlçatanlığı və xidmətlərin fəaliyyəti baxımından ciddi problem yaratması gözlənilmir. Əksinə, həyata keçirilən dəyişikliklərin şəhər mühitinin daha rahat, təhlükəsiz və cəlbedici olmasına töhfə verəcəyi bildirilir”.
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqamətində hazırlanıb.














