İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə zərbə endirməsi regionda onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərlə rəsmi Bakının bu hadisəyə münasibətini və mümkün addımlarını açıq şəkildə ortaya qoydu.
Sfera.az bildirir ki, prezidentin çıxışında diqqət çəkən əsas məqamlar üç istiqamətdə cəmlənir: hadisənin terror aktı kimi qiymətləndirilməsi, hərbi hazırlıq və diplomatik təzyiq. İlk növbədə, hücumun “terror aktı” kimi qiymətləndirilməsi siyasi və hüquqi baxımdan mühüm mesajdır. Bu ifadə təsadüfi deyil. Belə bir terminologiya Azərbaycanın hadisəni sadəcə sərhəd insidenti kimi deyil, dövlətə qarşı məqsədli hücum kimi gördüyünü göstərir. Bu isə gələcəkdə həm diplomatik, həm də beynəlxalq hüquq müstəvisində addımlar üçün əsas yaradır.
İkinci mühüm məqam hərbi hazırlıqla bağlıdır. Prezident Silahlı Qüvvələrin, o cümlədən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və xüsusi təyinatlı bölmələrin bir nömrəli səfərbərlik vəziyyətinə gətirildiyini açıqladı. Bu, faktiki olaraq Azərbaycanın mümkün eskalasiyaya hazır olduğunu göstərən siqnaldır. Xüsusilə Prezidentin “Dəmir yumruq” ifadəsini yenidən işlətməsi simvolik mesaj kimi qiymətləndirilə bilər. Çünki bu termin artıq Azərbaycan cəmiyyətində və regionda qəti hərbi cavabın rəmzi kimi qəbul olunur. Üçüncü diqqət çəkən məqam diplomatik xətdir.
İranın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notasının hazırlanması göstərir ki, rəsmi Bakı hadisəni yalnız hərbi müstəvidə deyil, diplomatik kanallar vasitəsilə də gündəmdə saxlayacaq. Bu, beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün vacib addımdır. Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri isə Azərbaycanın İranla bağlı humanitar jestini xatırlatması oldu. Onun sözlərinə görə, İran tərəfinin xahişi ilə Livanda qalan iranlı diplomatların təxliyəsinə Azərbaycan kömək edib. Bu detalın vurğulanması təsadüfi deyil və rəsmi Bakının mövqeyini daha da sərtləşdirən siyasi arqument kimi səsləndirildi.
Bütün bu məqamları nəzərə aldıqda, Prezidentin çıxışı təkcə hadisəyə reaksiya deyil, həm də strateji mesajlar toplusu kimi qiymətləndirilə bilər. Burada həm daxili auditoriyaya, həm də regiondakı və beynəlxalq aktorlara ünvanlanan siqnallar var: Azərbaycan eskalasiyanı istəmir, lakin öz təhlükəsizliyi və suverenliyi məsələsində qətiyyətli mövqe nümayiş etdirməyə hazırdır.













