Qərbi Azərbaycanın tarixi yaşayış məntəqələrindən biri olan Ayrum kəndi keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar Barana (Noyemberyan) rayonunun ərazisində yerləşib. Kənd indiki Ermənistanın Tavuş vilayətinə daxildir. Vilayət mərkəzi İcevan şəhərindən təxminən 60 kilometr şimal-qərbdə, Tona (Debed) çayının yaxınlığında, İrəvan–Tiflis dəmir yolu xəttinin üzərində və dəniz səviyyəsindən təxminən 500 metr yüksəklikdə yerləşir.
Ayrum kəndinin adı qədim türk tayfalarından biri olan ayrumların adı ilə əlaqələndirilir. Tədqiqatlarda Ayrum etnoniminin oğuzların Eymur (Eymir, İmir) tayfa adı ilə bağlı olduğu göstərilir. Ayrumlar tarixən Kiçik Qafqazda, Qazax bölgəsində və indiki Ermənistan ərazisinin müxtəlif yerlərində məskunlaşıblar. Bu tayfanın adı Quşçu Ayrum, Baqanis Ayrum, Dadanis Ayrum və Polad Ayrum kimi digər yaşayış məntəqələrinin adlarında da qorunub.

Tarixi məlumatlara görə, Ayrum kəndində əvvəlcə azərbaycanlılar yaşayıb. Sonrakı dövrlərdə bölgədə ermənilərin məskunlaşdırılması ilə kəndin əhalisinin tərkibi dəyişib və azərbaycanlı sakinlərin bir hissəsi yaşayış məntəqəsini tərk etməyə məcbur olub. Kəndin tarixi və etnik mənsubiyyəti onun adında da öz əksini tapır.
1995-ci il noyabrın 7-də qəbul edilmiş Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında qanuna əsasən, Ayrum kəndi Tavuş vilayətinin inzibati ərazisinə daxil edilib. Hazırda erməni dilində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı Ayrum formasında işlədilir.
Bu gün Ayrum adı Qərbi Azərbaycanın tarixi-coğrafi yaddaşında yaşayır. Qədim türk tayfasının adını qoruyub saxlayan, Tona çayının yaxınlığında yerləşən bu kənd bölgənin etnotoponimik irsinin nümunələrindən biridir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov












