Qərbi Azərbaycan, Avan kəndi – qədim türk yurdu
Avan kəndi Qərbi Azərbaycanın tarixi yaşayış məntəqələrindən biri olub. Kənd tarixi mənbələrdə İrəvan quberniyasının Eçmiədzin qəzasında yerləşən yaşayış məntəqəsi kimi qeyd edilir.
Avan kəndi rayon mərkəzindən təxminən 15 kilometr şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində yerləşib. Kəndin adına tarixi sənədlərdə, o cümlədən “İrəvan əyalətinin icmal dəftəri”ndə rast gəlinir.
VI əsrdən adı çəkilən Avan
Avan kəndinin adı tarixi mənbələrdə ilk dəfə VI əsrdə çəkilir. Mənbələrə görə, 590–611-ci illərdə Bizans tərəfdarı olan katolikos Avanda məskunlaşıb. Bu fakt kəndin həmin dövrdə bölgədə müəyyən dini və siyasi əhəmiyyətə malik yaşayış məntəqələrindən biri olduğunu göstərir.
Kəndin tarixində diqqətçəkən məqamlardan biri də onun əhalisi ilə bağlı məlumatlardır. Mənbələrdə Avan kəndinin “İsmayıl vələdi Abdullah” adlı bir şəxsə məxsus olduğu və burada yalnız türklərin yaşadığı qeyd edilir.
Bu məlumat Avanın tarixi-etnik keçmişinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Avan adı başqa ərazilərdə də yayılıb
Avan toponimi təkcə Qərbi Azərbaycanda deyil, Cənubi Qafqazın və Anadolunun müxtəlif ərazilərində də qeydə alınıb.
Mənbələrdə XIX əsrdə Türkiyədə Avanos qəzasının, XVIII əsrin ortalarında isə İrəvan əyalətinin Gərni nahiyəsində Avanik kəndinin mövcud olduğu göstərilir. Bundan başqa, Batum əyalətinin Artvin dairəsindəAvana, Tiflis quberniyasının Telavi qəzasında Avanis-Xevi, Qarabağda isə Evan adlı yaşayış məntəqələrinin olduğu qeyd edilir.
Bu eyniadlı toponimlər Avan adının müxtəlif tarixi coğrafiyalarda işlədildiyini göstərir.
Avan toponiminin mənşəyi
Avan adının mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrdə toponimin eramızdan əvvəl VII əsrdə sakların tərkibində qarqarlarla birlikdə bölgəyə gəlmiş Aban tayfasının adı ilə bağlı olduğu ehtimal edilir.
Digər bir izaha görə isə toponim Urartu dilində “ölkə” mənasında işlənən “ebani” sözü əsasında formalaşıb.
Beləliklə, Avan adı ilə bağlı müxtəlif etimoloji yanaşmalar mövcud olsa da, kəndin adına çox qədim dövrlərdən etibarən tarixi mənbələrdə rast gəlinməsi onun qədim yaşayış məskəni olduğunu göstərən əsas faktlardan biridir.
Avan – tarixi izləri qoruyan kənd
Avan kəndinin tarixi Qərbi Azərbaycanın qədim yaşayış məntəqələrinin keçmişinin öyrənilməsi baxımından maraq doğurur. Kəndin VI əsrdən mənbələrdə xatırlanması, tarixi sənədlərdə adına rast gəlinməsi və əhalisinin türklərdən ibarət olması barədə məlumatlar onun bölgənin tarixi-etnik mənzərəsindəki yerini araşdırmağa imkan verir.
Bu baxımdan Avan kəndi Qərbi Azərbaycanın tarixi yaşayış məntəqələrindən biri kimi özünəməxsus iz qoymuş qədim yurd yerlərindən hesab olunur.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov















