Sumqayıt şəhərində Novruz bayramı münasibətilə genişmiqyaslı ümumşəhər şənliyi keçirilib. Sumqayıt Bulvarı ərazisində təşkil olunan tədbir şəhər sakinləri üçün əsl bayram ab-havası yaradıb.
Şənlik yalnız bir məkanla məhdudlaşmayaraq, bulvar boyunca müxtəlif nöqtələrdə rəngarəng proqramlarla davam etdirilib. Tədbir çərçivəsində milli musiqilər səsləndirilib, folklor nümunələri nümayiş olunub, maraqlı səhnəciklər və mədəni çıxışlar təqdim edilib.
Gündəm24.az xəbər verir ki, bayram tədbirində şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və çoxsaylı sakinlərlə yanaşı, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi də geniş heyətlə təmsil olunub. İcma üzvləri bayram coşqusuna qatılaraq Qərbi Azərbaycanın zəngin irsinin, qədim adət-ənənələrinin və mədəni dəyərlərinin təbliği istiqamətində öz töhfələrini veriblər.
Qərbi azərbaycanlılar bu əziz bayramı doğma el-obalarında, dədə-baba torpaqlarında qeyd edəcəkləri günün uzaqda olmadığını vurğulayaraq, qayıdış arzularını dilə gətiriblər.
Həsənova Sədaqət
Gündəm24.az



















