Qərbi Azərbaycan kəndləri – Ardanış
Ardanış Qərbi Azərbaycanın tarixi Göyçə mahalının Çəmbərək rayonunda yerləşən qədim Azərbaycan kəndlərindən biridir. Kənd Göyçə gölünün şimal sahilində, Adatəpə burnunda, dəniz səviyyəsindən təqribən 1954-1975 metr yüksəklikdə yerləşib.
Ardanışın tarixi çox qədim dövrlərə gedib çıxır. Kənd ərazisində aşkarlanan maddi-mədəniyyət nümunələri və qədim qəbiristanlıqlar burada minilliklər ərzində yaşayış olduğunu göstərir.
Kənd ərazisində qədim oğuz qəbirləri, kurqanlar və digər arxeoloji izlərə rast gəlinib. Bu baxımdan Ardanış Göyçə mahalının qədim yaşayış məskənlərindən biri hesab olunur.
Ardanışdan keçən Topaşan aşırımı da tarixi baxımdan xüsusi əhəmiyyət daşıyıb. Bu keçid Göyçəni şimal istiqamətində Gədəbəy tərəfi ilə əlaqələndirən mühüm yol olub. Tarixi məlumatlarda Şah İsmayıl Xətai və Nadir şahın qoşunları ilə bu istiqamətdən keçdiyi qeyd olunur.
Kəndin adı da qədim türk toponimləri ilə əlaqələndirilir. Araşdırmalara görə, “Ardanış” toponimi qədim türk dillərində “dağ”, “dağlıq”, “dağ kəndi” mənalarını bildirən “art” sözü ilə əlaqələndirilir.
1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə kəndin adı Ərdanyc və ya Ərdanuc formasında qeyd olunub. Bu fakt Ardanış adının tarixi mənbələrdə çox qədimdən mövcud olduğunu göstərən məlumatlardan biridir.
Ardanışın coğrafi mövqeyi də onun tarixində mühüm rol oynayıb. Kənd Göyçə gölünün şimal sahilində yerləşdiyindən burada balıqçılıq, heyvandarlıq və əkinçilik əhalinin əsas məşğuliyyətlərindən olub.
Dağlarla göl arasında yerləşən kəndin ətrafında geniş yaylaqlar və otlaq sahələri mövcud olub. Bu ərazilər kənd sakinlərinin təsərrüfat həyatında mühüm əhəmiyyət daşıyıb.














