“Azərbaycan-Türkiyə münasibətləri diplomatik protokolla ölçülən adi ikitərəfli əlaqələr deyil. “Bir millət, iki dövlət” formulu yalnız şüar kimi yaranmayıb. Onu illər boyu qarşılıqlı addımlar formalaşdırıb. Buna görə də bu gün ortaya atılan mübahisələr fonunda faktlara yenidən baxmaq lazımdır”.
Bu fikirləri Musavat.com-da Azərbaycan Parlamentinin təmsilçisi Naqif Həmzəyev səsləndirib.
O xüsusi olaraq vurğulayıb ki, Türkiyə Qarabağ müharibəsində Azərbaycanın yanında olub: “Bu dəstək 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldi. Amma bu yol tək istiqamətli olmayıb. 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələdə Azərbaycan xilasedicilərini, texnikasını və humanitar yardımı ilk günlərdə göndərdi. Zəlzələ yerində Azərbaycan məhəlləsi tikdi və tikməkdə davam edir. 2021-ci ildə Türkiyədəki meşə yanğınlarında da Azərbaycan yanğınsöndürən heyət və təyyarələrlə köməyə gəlmişdi. 2016-cı il iyulun 15-də dövlət çevrilişi cəhdi zamanı da Bakının dəstək mesajı gecikmədi”.
Deputat qeyd edib ki, iqtisadi sahədə də Azərbaycan Türkiyənin ən böyük xarici investorlarından biridir: “SOCAR-ın Türkiyədəki sərmayələri, STAR neft emalı zavodu, Petkim və TANAP boru kəməri bunu göstərir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi Türkiyəni enerji tranzit mərkəzinə çevirən layihələrdir.
Siyasi sahədə Azərbaycan Türkiyənin maraqlarını beynəlxalq platformalarda müdafiə edib. Bakı Şimali Kipr məsələsində Ankaranın mövqeyini dəstəkləyib və dəstəkləməkdədir. Bir sıra hallarda Azərbaycanın Türkiyənin Rusiya, İsrail və digər tərəflərlə münasibətlərində gərginliyin azalmasına vasitəçilik edib və gələcəkdə də edəcək. Bakının bu proseslərdə konstruktiv rol oynadığı diplomatik dairələrdə qəbul edilir. Bütün bunlar bir həqiqəti göstərir. Bu münasibət qarşılıqlıdır. Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin çətin günündə yanında olub. Belə tarixi olan iki dövlətin hər bir xarici siyasət məsələsində eyni addımı atması gözlənilməməlidir. Dost dövlətlərin fərqli marağı ola bilər və bu, qardaşlığın zəifliyi deyil, əksinə, yetkinliyinin göstəricisidir. Qardaş bir-birini sıxışdırmaz, başa düşər. Sosial şəbəkələrdəki qızğın müzakirələr, media kampaniyaları və gündəlik siyasi gərginliklər gəlib-keçir. İki xalqın tarixi, qan qohumluğu və taleyi isə qalır. Bu qardaşlığı nə bir hadisə, nə bir kampaniya, nə də kənar maraqlar poza bilməz. Azərbaycan Türkiyənin, Türkiyə Azərbaycanın yanındadır və olacaq”.













