Gündəm24.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyində ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan Qərbi Azərbaycan kökənli gənclərlə görüş keçirilib.
Tədbirdə ilk olaraq Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə QAİ Sumqayıt Nümayəndəliyinin sədri Ramiz İsmayılov açıb. O, yüksək nəticə göstərərək tələbə adını qazanan gəncləri təbrik edib, onların uğrunun ailələri ilə yanaşı, təhsil aldıqları məktəblər, Sumqayıt şəhəri və Qərbi Azərbaycan İcması üçün də qürurverici olduğunu bildirib.
Ramiz İsmayılov çıxışında Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından və təhsilin cəmiyyətin gələcəyindəki mühüm rolundan bəhs edib. O, yüksək bal toplayan gənclərin qazandığı nəticələrin digər abituriyentlər üçün də nümunə olduğunu vurğulayıb.

Gənclərə göstərilən dəstəyə görə QAİ Sumqayıt Nümayəndəliyinin İdarə Heyətinin üzvü, Cavid Ticarət Mərkəzinin direktoru Nizami İskəndərova xüsusi təşəkkür ifadə olunub. Daha sonra göstərdiyi diqqətə görə QAİ Sumqayıt Nümayəndəliyinin İdarə Heyətinin üzvü Akif Şahbazova da təşəkkür edilib və çıxış üçün söz verilib.
Çıxış edən Akif Şahbazov Qərbi Azərbaycan İcmasının tədbirlərinə hər zaman göstərdiyi diqqət və dəstəkdən söz açaraq, gənclərin uğurlarının daim diqqətdə saxlanılmasının vacibliyini qeyd edib. O, tələbə adını qazanan gəncləri təbrik edərək onlara gələcək təhsil həyatında uğurlar arzulayıb.

QAI Aparatının böyük koordinatoru Cəmilə Fəyyaz çıxışında yüksək nəticələrin böyük zəhmət, məqsədyönlü hazırlıq və əzmkarlığın nəticəsi olduğunu bildirib. O, gənclərə qarşıdakı illərdə də öz üzərlərində çalışmalarını və daha böyük hədəflər müəyyənləşdirmələrini tövsiyə edib.

Sumqayıt şəhəri N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin direktoru Rüxsarə Məmmədova çıxış edərək, şagirdlərin uğrunda müəllim, valideyn və şagird əməkdaşlığının mühüm rol oynadığını bildirib. O, yüksək nəticə göstərən gəncləri təbrik edərək onların tələbəlik illərində də uğurlarının davamlı olmasını arzulayıb.

QAİ Sumqayıt Nümayəndəliyinin İdarə Heyətinin üzvü Şükür Əliyev çıxışında gənclərin təhsilinə və inkişafına göstərilən diqqətin gələcəyə qoyulan ən mühüm sərmayələrdən biri olduğunu vurğulayıb. O, yüksək nəticə göstərən tələbələrin uğrunu yüksək qiymətləndirib.

Hər zaman gənclərlə çalışmaqdan yorulmayan QAİ Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının sədri Fuad Məmmədov da xoş sözlərini və təbriklərini çatdırıb. O bildirib ki, belə görüşlərin gənclərin motivasiyasının artırılması baxımından əhəmiyyətli və vacibdir. Qeyd edib ki, bundan sonra da gənclərlə bağlı tədbirlər mütəmadi olaraq keçiriləcəkdir.

Çıxışlarda həmçinin Sumqayıt şəhərinin ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən şəhərlər sırasında yer aldığı vurğulanıb. Qərbi Azərbaycan kökənli gənclərin də 600-dən yüksək bal toplaması xüsusi qeyd olunaraq onların uğuru təqdir edilib.
Tədbirin sonunda yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə təşəkkürnamə və təltifnamələr təqdim olunub.
Daha sonra yüksək bal toplayan tələbələr və onların valideynləri çıxış ediblər. Tələbələr əldə etdikləri nəticə, imtahanlara hazırlıq prosesi və qarşıdakı təhsil planları barədə fikirlərini bölüşərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
İlkin Şirinov























