Rusiya lideri Putinin ABŞ prezidenti Trampın yaradıldığını elan etdiyi Qəzza Sülh Komitəsinə dəvət olunduğu açıqlanıb.
Gündəm24.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Qəzza Sülh Şurasına diplomatik kanallar vasitəsilə dəvət olunduğunu açıqlayıb. Onun sözlərinə görə, Moskva hazırda bu dəvətin bütün detallarını diqqətlə nəzərdən keçirir. Peskov bildirib ki, Rusiya təşəbbüsün formatını və əhatə dairəsini daha dəqiq anlamaq üçün ABŞ ilə əlaqə saxlamağa ümid edir və məsələ üzrə müzakirələr davam edir.
Kremlin sözçüsü jurnalistlərin suallarını cavablandırarkən ABŞ prezidenti Donald Trampla bağlı fikirlərə də toxunub. Peskov qeyd edib ki, Donald Trampın Qrenlandiyanın ABŞ-a ilhaq edilməsi məsələsini həll edəcəyi təqdirdə dünya tarixinə düşəcəyinə inanan çoxsaylı ekspertlərin mövqeyi ilə razılaşmamaq çətindir. Onun sözlərinə görə, bu mövzu ətrafında səslənən fikirlər beynəlxalq gündəmdə geniş müzakirə olunur.
Peskovun açıqlamalarında digər beynəlxalq məsələlərə də yer verilib. O bildirib ki, Kreml Qrenlandiyadakı vəziyyəti diqqətlə izləyir və son günlər ərzində bu bölgə ilə bağlı narahatedici məlumatlar daxil olub. Rusiya tərəfinin baş verən prosesləri yaxından izlədiyi vurğulanıb.
Bundan əlavə, Kremlin sözçüsü Rusiyanın Venesuelanın müvəqqəti prezidenti Rodrigez ilə daim əlaqə saxladığını qeyd edib. Onun sözlərinə görə, hazırda Vladimir Putinin Rodrigezlə yaxın zamanda telefon danışığı planlaşdırılmır, lakin zərurət yaranarsa, belə bir əlaqə qısa müddətdə təşkil edilə bilər.
Sədaqət Həsənova














