Rusiya XİN-dən xaricilərə və diplomatlara Ukrayna ilə bağlı xəbərdarlıq
Gündəm24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi xarici vətəndaşları və diplomatik missiyaların əməkdaşlarını Ukraynaya səfər etməməyə və ölkədə qalmamağa çağırıb.
Rusiya XİN-in yaydığı bəyanatda xarici vətəndaşlara və diplomatlara Kiyev və Ukraynanın digər bölgələrində yerləşən hərbi obyektlərdən uzaq durmaq barədə xəbərdarlıq edilib.
Nazirlik bildirib ki, Rusiya tərəfi daha əvvəl də Kiyevdəki xarici vətəndaşları və diplomatları şəhəri tərk etməyə, Ukraynaya səfərlərdən çəkinməyə, həmçinin mülki şəxsləri hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamağa çağırıb.
Rusiya XİN iddia edib ki, bu xəbərdarlıqlara məhəl qoymayaraq Kiyevdə qalan xarici vətəndaşlar və diplomatlar həyatlarını ciddi təhlükəyə atırlar.
Bəyanatda qeyd olunub ki, Ukraynadakı təhlükəsizlik vəziyyəti ilə bağlı xəbərdarlıqlar qüvvədə qalır və xarici vətəndaşlara Ukraynaya səfər etməkdən çəkinmək tövsiyə olunur.
Xatırladaq ki, xarici vətəndaşların və diplomatların Kiyevi tərk etməsi ilə bağlı çağırış Rusiya Xarici İşlər Nazirliyinin 25 may 2026-cı il tarixli bəyanatında və xarici həmkarlarına göndərilən şifahi notalarda da yer alıb. Çağırış mayın 27-də diplomatik korpus üçün keçirilən brifinqdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin tərəfindən də təkrarlanıb.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, Moskva Ukraynanın Rusiya vətəndaşlarına və mülki infrastrukturuna qarşı olduğunu iddia etdiyi hücumlara cavab olaraq Ukraynadakı hərbi hədəflərə zərbələri davam etdirəcək.
Bəyanatda Rusiya Silahlı Qüvvələrinin Kiyev və Ukraynanın digər şəhərlərində hərbi hədəflərə cavab zərbələri endirdiyi qeyd olunub.
Nazirlik əlavə edib ki, Rusiya Silahlı Qüvvələri hərtərəfli cavab zərbələrini davam etdirəcək.
Sədaqət Həsənova
Gündəm24.az













