Fransanın Baş naziri Sebastyan Lekornu hökumətin süqut edəcəyi təqdirdə daxili işlər naziri Loran Nunezə erkən ümumi seçkilərə hazırlaşmağı tapşırıb. Ümumi seçkilərin bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirilməsi variantı gündəmə gəlib.
Gündəm24.az xəbər verir ki, Fransada hökumətin süqut ehtimalı erkən ümumi seçkilər perspektivini yenidən gündəmə gətirib. Baş nazir Sebastyan Lekornu daxili işlər naziri Loran Nunezə potensial seçki ssenarisi üçün hazırlıqlara başlamağı tapşırıb. Franceinfo-nun məlumatına görə, hakim partiyadan adı açıqlanmayan mənbə bildirib ki, bu hazırlıqlar 15-22 mart tarixlərində keçiriləcək bələdiyyə seçkiləri ilə üst-üstə düşə bilər. Hökumət devrilərsə, erkən ümumi seçkilərin bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirilməsi ehtimalı var.
Müxalifət partiyaları etimadsızlıq təkliflərini Milli Assambleyaya təqdim ediblər. “Boyun əyilməyən Fransa” (LFI) və “Milli Yürüş” (RN) partiyaları hökumətə qarşı təklifləri təqdim edib və səsvermənin gələn həftə Assambleyanın plenar iclasında baş tutması gözlənilir. LFI Qrupunun sədr müavini Matilda Panot Fransanın beynəlxalq nüfuzunun itirildiyini bildirərək Baş nazir Lekornu və Prezident Emmanuel Makronu istefaya çağırıb.
Qeyd edək ki, Fransada keçmiş Baş nazirlər Mişel Barnyenin hökuməti 4 dekabr 2024-cü, Fransua Bayrunun hökuməti isə 8 sentyabr 2025-ci ildə süqut etmişdi.
Sədaqət Həsənova














