Vladimir Zelenskinin sözlərinə görə, diplomatlar dəvət üzərində işləyirlər.
Gündəm24.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə keçiriləcək Qəzza Sülh Şurasına dəvət olunduğunu təsdiqləyib, lakin Kiyev bunun qəbul edilməyəcəyini bildirib. Zelenskinin sözlərinə görə, diplomatlar dəvət üzərində işləyirlər, amma o, Ukraynanın Rusiya və Belarusla eyni qurumda birgə iştirakını təsəvvür edə bilmir: “Birincisi, açığı, Rusiya bizim düşmənimiz, Belarus isə onların müttəfiqidir. Bu və ya digər idarə heyətində necə birlikdə ola biləcəyimizi təsəvvür etmək demək olar ki, mümkün deyil,” – deyə o jurnalistlərə bildirib.
Prezident həmçinin qurumun Ukrayna münaqişəsinin həlli məsələsində effektiv olub-olmayacağına şübhə ilə yanaşdığını vurğulayıb.
Bundan əvvəl bir sıra dünya ölkələrinin liderləri ABŞ tərəfindən Qəzza zolağını idarə edəcək Sülh Şurasına dəvət olunmuşdular. Şuranın 2025-ci ilin oktyabrında Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə İsrail və Fələstin HƏMAS hərəkatı arasında razılaşdırılmış sülh planının ikinci mərhələsində işə başlaması gözlənilir. The Wall Street Journal qəzetinin məlumatına görə, şuranın nizamnamə layihəsində Qəzza zolağından əlavə digər münaqişə bölgələri ilə də məşğul olma imkanı göstərilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident Vladimir Putin Qəzza Sülh Şurasına qoşulmaq üçün dəvət alıb və qəbul edib-etməməyi düşünür. Belarus prezidenti Aleksandr Lukaşenko da oxşar dəvət alıb, bunu isə Lukaşenkonun mətbuat katibi Ruslan Varankov açıqlayıb.
Sədaqət Həsənova













