Gündəm24.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda yerləşən Filmstaden Sergel kinoteatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “The Homeland in Memory” (“Yaddaşda yaşayan vətən”) adlı sənədli filmin təqdimatı keçirilib. Filmin müəllifi isveçli fotoqraf və rejissor Mikael Silkeberqdir.
Tədbir Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə təşkil olunub. Nümayişdə diplomatik korpus nümayəndələri, Azərbaycan və türk diasporunun üzvləri, eləcə də İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirə qatılanlar arasında Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin üzvü Gülçin Qasımova da yer alıb.
Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov çıxışında bildirib ki, Heydər Əliyevin siyasi irsi və dövlətçilik fəlsəfəsi bu gün də Azərbaycanın inkişafında mühüm rol oynayır. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük uğurlara imza atıb və Azərbaycanın ərazi bütövlüyünün bərpası xalqın milli qürurunu daha da gücləndirib.
Səfir qeyd edib ki, ekran əsəri yalnız mədəni layihə deyil, həm də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından əhəmiyyətli təşəbbüsdür. Film vasitəsilə deportasiya və yurd həsrəti yaşamış azərbaycanlıların taleyi, onların adət-ənənələri və milli-mənəvi dəyərləri tamaşaçılara təqdim olunur.
Rejissor Mikael Silkeberq isə bildirib ki, ekran əsərində əsas məqsəd insanın doğma torpaqdan uzaqda olsa belə, öz kimliyini və vətən yaddaşını necə qoruyub saxladığını göstərməkdir. 60 dəqiqəlik sənədli filmdə Qərbi Azərbaycanın zəngin mədəni irsi xüsusi xətt kimi təqdim edilir. Aşıq sənəti, yallı rəqsləri, milli musiqi nümunələri, ədəbiyyat və xalçaçılıq ənənələri vasitəsilə Qərbi Azərbaycan yaddaşının nəsildən-nəslə yaşadıldığı nümayiş olunur. Film eyni zamanda Azərbaycanın tarixi həqiqətlərinin və Qərbi Azərbaycanla bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm mədəni layihə kimi qiymətləndirilir.























