Sumqayıt şəhərinin 18-ci məhəlləsində sakinlər ciddi narahatlıq yaradan problemlə bağlı Gündəm24.az-a müraciət ediblər.
Sakinlərin sözlərinə görə, son vaxtlar ərazidə müxtəlif həşərat və böcəklərin sayı kəskin artıb. Həşəratların hətta yaşayış evlərinə daxil olduğu, gecə-gündüz sakinləri narahat etdiyi bildirilir.
Sakinlər iddia edirlər ki, xüsusilə uşaqlar və böyüklər həşəratların dişləməsinə məruz qalırlar. Dişləmələrdən sonra bədəndə qızartı, qaşınma və digər narahatlıqlar yarandığını bildirən sakinlər vəziyyətin sağlamlıq baxımından da ciddi risk yaratmasından ehtiyat edirlər.
Məsələ ilə bağlı sakinlər dəfələrlə aidiyyəti mənzil-istismar sahəsinə müraciət etdiklərini, ərazidə dezinfeksiya və dərmanlama işlərinin aparılmasını istədiklərini bildirirlər. Lakin onların sözlərinə görə, müraciətlərə baxmayaraq problemin aradan qaldırılması istiqamətində ciddi tədbir görülməyib.
Məsələ ilə bağlı Sumqayıt şəhər Sanitar-Epidemioloji Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən Gündəm24.az-a bildirildi ki, problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək. Qeyd edildi ki, yaxın müddətdə ərazidə dezinfeksiya işləri aparılacaq.














