Sumqayıt şəhərində Novruz bayramı münasibətilə genişmiqyaslı ümumşəhər bayram tədbiri keçirilib. Tədbir martın 18-də Sumqayıt Bulvarı ərazisində təşkil olunub və şəhər sakinləri üçün əsl bayram ab-havası yaradıb.
Bayram proqramı saat 12:00-da Sumqayıt Muğam Mərkəzi və Bayraq Muzeyinin qarşısında start götürüb. Şənlik yalnız bir məkanla məhdudlaşmayıb, bulvar boyunca müxtəlif nöqtələrdə davam etdirilərək sakinlərə zəngin və rəngarəng proqram təqdim olunub.
Tədbir çərçivəsində milli musiqilər səsləndirilib, folklor nümunələri nümayiş etdirilib, müxtəlif səhnəciklər və mədəni çıxışlar təqdim olunub. Bayram şənliyinə qatılan sakinlər üçün əyləncəli proqramlar təşkil edilib, Novruzun qədim ənənələri və adətləri canlandırılıb.
Bayram tədbirində şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və çoxsaylı sakinlər iştirak ediblər. Bildirilib ki, belə tədbirlər milli adət-ənənələrin qorunub saxlanmasına, həmçinin Novruz bayramının şəhərdə daha coşqu ilə qeyd olunmasına mühüm töhfə verir.























