Sumqayıt şəhərində Novruz bayramı münasibətilə “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib.
Gündəm24.az xəbər verir ki, tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin təşəbbüsü ilə Sumqayıt Muğam Mərkəzində təşkil olunub. Tədbirdə şəhid ailələri, millət vəkilləri, qazilər, xüsusi uşaqlar, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində iştirakçılar əvvəlcə gənc rəssam Xədicə Səlimlinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə rəssamın müxtəlif mövzuları, xüsusilə milli dəyərləri əks etdirən rəsm əsərləri nümayiş olunub və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin və xalqımızın ulu öndəri Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov çıxış edərək bildirib ki, belə tədbirlər milli dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. O qeyd edib ki, gənc rəssam Xədicə Səlimli istedadlı və perspektivli yaradıcı gənclərdən biridir və onun əsərlərində milli ruhla yanaşı ümid dolu düşüncələr də öz əksini tapır.
Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək belə tədbirlərin şəhərin ictimai və mədəni həyatında mühüm əhəmiyyət daşıdığını bildirib. O, gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasının vacibliyini qeyd edib və Xədicə Səlimlinin rəsm əsərlərinin gənc istedadların inkişafının bariz nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu cür tədbirlər həm milli-mənəvi dəyərlərin təbliğinə, həm də gənc istedadların tanıdılmasına xidmət edir.
Daha sonra gənc rəssam Xədicə Səlimli çıxış edərək belə bir tədbirin təşkil olunmasını böyük sevinc və məsuliyyət kimi qiymətləndirib. O bildirib ki, rəsmlərində əsas məqsədi milli dəyərləri ifadə etməkdir və bu sərginin təşkil olunması onun üçün yeni yaradıcılıq imkanları yaradır.
Çıxışlarda vurğulanıb ki, “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir gənclərin yaradıcılıq potensialının dəstəklənməsi, milli dəyərlərin təbliği və cəmiyyətdə birlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir daha sonra ədəbi-bədii proqramla davam edib. Proqram çərçivəsində Novruz bayramına həsr olunan şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub və iştirakçılar üçün bayram əhval-ruhiyyəsi yaradılıb.
Sonda tədbirdə fəal iştirak edən uşaqlara və tədbir iştirakçılarına Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi tərəfindən xatirə hədiyyələri təqdim olunub və onların yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib.












































