Gündem24.az – a içməli suyun saatlatdır küçəyə axması ilə bağlı xəbər daxil oldu. Sumqayıt şəhərinin Çerkazi küçəsində sakinlərin şikayəti əsasında hadisə yerində çəkiliş apardıq. Çəkiliş zamanı içməli suyun saatlardır küçəyə və avtomobil yoluna axdığı məlum oldu.
Saat 12:23 radələrində Sumqayıt Şəhər Sukanal İdarəsinin qaynar xətti ilə əlaqə saxlayaraq vəziyyət barədə məlumat verdik və su itkisinin qarşısının təcili alınmasını xahiş etdik.
Lakin müraciətdən iki saatdan artıq vaxt keçməsinə baxmayaraq, hadisə yerinə yenidən qayıtdıqda heç bir tədbirin görülmədiyini müşahidə etdik. İçməli su əvvəlki kimi küçəyə axmaqda davam edirdi.
Bundan sonra məsələ ilə bağlı Sumqayıt Şəhər Sukanal İdarəsinin rəhbəri Xalid Quliyevlə əlaqə saxladıq. Xalid Quliyev müraciətdən xəbərdar olduğunu bildirərək, problemin aradan qaldırılması üçün tədbir görüləcəyini dedi.
Ancaq ortaya haqlı sual çıxır: Dünya su qıtlığı və içməli su böhranı ilə üz-üzə qaldığı, ölkə rəhbərliyi su ehtiyatlarından səmərəli istifadəyə və israfın qarşısının alınmasına dair mütəmadi çağırışlar etdiyi bir vaxtda, Sumqayıtda içməli suyun saatlarla küçəyə axmasına niyə operativ müdaxilə edilmir?
Hər damla içməli su milli sərvətdir. Bu sərvətin göz görə-görə israf olunmasına vaxtında reaksiya verilməməsi həm vətəndaşlarda narazılıq yaradır, həm də aidiyyəti qurumların operativ fəaliyyətinə dair ciddi suallar doğurur.














