Gündəm24.az xəbər verir ki, 28 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin sərgi salonunda “Qərbi Azərbaycan abidələri uşaqların gözü ilə” adlı müsabiqə çərçivəsində sərgi nümayiş etdirilib.
Sərgidə Sumqayıt şəhər məktəblərinin şagirdləri tərəfindən hazırlanmış, Qərbi Azərbaycanın tarixi-mədəni irsini əks etdirən eksponatlar təqdim olunub. Mərkəzin direktoru Əntiqə Rzayeva məktəblilərin təqdim etdiyi “Ağudi abidələri” adlı eksponatlar haqqında iştirakçılara ətraflı məlumat verib.
Müsabiqənin münsiflər heyətinə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəsi Ramiz İsmayılov, Sumqayıt Şəhər Memarlıq İdarəsinin əməkdaşı Hüseyn Əliyev, inşaat mühəndisi Səməd Əhmədov, iqtisadçı-mütəxəssis və Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin üzvü Nazim Hüseynov, eləcə də icmanın Sumqayıt nümayəndəliyinin gənclər üzrə məsul şəxsi Fuad Məmmədov daxil olublar.
Münsiflər heyəti eksponatlara baxış keçirərək təqdim olunan işləri qiymətləndirib. Səsvermənin nəticələrinə əsasən, iki eksponat birinci, iki eksponat ikinci, üç eksponat isə üçüncü yerə layiq görülüb.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəsi Ramiz İsmayılov Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. O, məktəblilərin bu istiqamətdə maarifləndirilməsinin, tarixi abidələrimizin tanıdılmasının və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinin əhəmiyyətindən danışıb. Ramiz İsmayılov müsabiqənin təşkili və gələcək fəaliyyətlə bağlı öz tövsiyə və tapşırıqlarını da verib.
Birinci yerə M. Quluzadə adına 3 nömrəli tam orta məktəbin şagirdləri Muray Firuz qızı və Ayan İntiqam qızı, eləcə də Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi Cəfərova Səma Cavid qızı layiq görülüblər.
İkinci yeri Sumqayıt şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Məmmədli Şükufə Baykışı qızı və Nəsrəddin Tusi adına 12 nömrəli tam orta məktəbin şagirdi Bayramlı Nail tutublar.
Üçüncü yerə Sumqayıt şəhər Təfəkkür Liseyinin şagirdi Hüseynli Mələk, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri Müsurov Niyaz Hacı oğlu və Aslanova Günel Əlmurad qızı, həmçinin Şah İsmayıl Xətai adına 30 nömrəli məktəbin şagirdi Poladova Fəridə Nəcəf layiq görülüblər.
Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən birinci, ikinci və üçüncü yerləri tutan şagirdlərin mükafatlandırılması mərasimi ayrıca təşkil olunacaq.
Müsabiqənin keçirilməsində məqsəd Qərbi Azərbaycanın tarixi-mədəni irsini məktəblilər arasında təbliğ etmək, gənc nəslin tarixi yaddaşını qorumaq, milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və uşaqların yaradıcılıq bacarıqlarını inkişaf etdirməkdir.





















