Sumqayıtda “tap.az”da satışa çıxarılan qızılların sahibini soyan şəxsə hökm oxunub.
Məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ramin Məlikov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Ramin Məlikov Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Mirvari City” yaşayış kompleksinin həyətində “tap.az” saytında qızıl-zinət əşyaları satan Məhəmməd Zamanovla (soyadı şərtidir) görüşüb. O, ümumi dəyəri 3 700 manat olan qızıl əşyalara baxdıqdan sonra ödəniş etmək üçün avtomobilə əyləşməyi təklif edib.
Bundan sonra təqsirləndirilən şəxs “BMW G30” markalı avtomobilin sükanı arxasına keçib. Lakin Məhəmmədin avtomobilə əyləşməsini gözləməyib. Bu zaman avtomobilin qapısından tutan Məhəmməd Zamanov bir müddət sürünüb və yerə yıxılaraq yüngül xəsarət alıb.
İbtidai istintaq orqanı hadisəni quldurluq kimi qiymətləndirsə də, məhkəmə əməlin Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə, yəni zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edilməklə soyğunçuluq kimi tövsif edilməli olduğu qənaətinə gəlib.
Mənbə: Pravda.az














