Ermənistan silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıya hücum edərək şəhəri işğal etməsi və dinc əhaliyə qarşı kütləvi qırğın törətməsinin üzərindən daha bir il ötür.
26 fevral 1992-ci il Azərbaycan tarixində silinməz iz qoyan faciədir. Həmin gecə Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edildi, dinc sakinlərə qarşı kütləvi qırğın törədildi. Bu qanlı hadisə tarixə Xocalı Soyqırımı kimi düşdü.
Şəhər aylarla mühasirədə saxlanılmış, əhali ağır blokada şəraitində yaşamışdı. Fevralın 25-dən 26-na keçən gecə Xocalı güclü artilleriya atəşinə tutuldu, qaçmağa çalışan insanlar isə amansızcasına güllələndi. Rəsmi rəqəmlərə görə, 613 nəfər qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlı idi. Yüzlərlə insan yaralandı, 1275 nəfər girov götürüldü, çox sayda sakinin taleyi naməlum qaldı.
Xocalı faciəsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi və mülki əhaliyə qarşı məqsədli zorakılıq aktı kimi qiymətləndirilir. Azərbaycan dövləti illərdir bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir, bir sıra ölkələr və təşkilatlar faciəni soyqırımı və ya kütləvi qırğın kimi tanıyıb.
Xüsusilə qeyd olunmalıdır ki, İlham Əliyev beynəlxalq miqyasda həyata keçirilən “Xocalıya ədalət!” təşəbbüsünün əhəmiyyətini nəzərə alaraq 13 fevral 2014-cü il tarixində bu kampaniya ilə bağlı xüsusi sərəncam imzalayıb. Bu sənəd Xocalı həqiqətlərinin dünyada daha geniş tanıdılmasına mühüm təkan verib.
Hazırda Xocalıdan olan məcburi köçkünlər uzun illər ərzində ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıblar. Onların doğma yurda qayıdışı isə Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra reallığa çevrilməyə başlayıb.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı göstərilən igidlik, eləcə də 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı separatçı qüvvələrdən tam təmizləndi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Ağdərə, Əsgəran, Xocavənd və Xankəndi ilə yanaşı, Xocalı şəhərində də Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Eyni zamanda, Xocalı hadisələrinin törədilməsində şübhəli bilinən hərbi xunta nümayəndələri saxlanılaraq Bakıya gətirilib. Hazırda onların məhkəmə prosesində Xocalı faciəsi əsas cinayət epizodlarından biri kimi araşdırılır. Bütün bunlar göstərir ki, Xocalı yalnız bir faciə deyil, həm də ədalətin gec də olsa bərqərar olunmasının simvoludur.













