Uzunmüddətli bayram tətili bir çox insan üçün istirahət, gündəlik iş rejimindən uzaqlaşmaq və psixoloji olaraq yenilənmək imkanı yaradır.
Qarşıdan gələn 10 günlük istirahət dövrü də insanların həm iş tempindən uzaqlaşmasına, həm də gündəlik həyat ritmini dəyişməsinə səbəb ola bilər.
Maraqlıdır ki, uzunmüddətli tətil insanların psixologiyasına necə təsir edir? Bayram ərəfəsində insanların işdən soyuması və diqqətinin azalması normal hal hesab olunurmu?Belə adaptasiya çətinlikləri sonradan iş məhsuldarlığına və səmərəliliyinə təsir göstərə bilərmi?
Psixoloq Gövhər Məmmədova Sfera.az- a bu barədə açıqlamasında insanlarda uzunmüddətli iş rejimindən və gündəlik eyni hadisələrin davam etməsindən sonra tükənmişlik hissi yarana biləcəyini bildirib. Onun sözlərinə görə, həmçinin uşaqlar da hər gün məktəb-dərs-ev döngüsündən yorulurlar:

“Belə hallarda qarşıdan gələn tətil və ya bayram insanlarda motivasiya yaradır; onlar sabaha daha sevinclə və ümidlə oyanaraq gündəlik fəaliyyətlərini davam etdirirlər. Lakin tətil uzunmüddətli olduqda, yenidən işə və ya məktəbə qayıdış müəyyən çətinliklər yarada, həvəsin azalmasına səbəb ola bilər. Bu halların qarşısını almaq üçün tətilin bitməsinə bir neçə gün qalmış yuxu rejimini tədricən dəyişmək, daha erkən oyanmaq və daha tez yatmaq məsləhət görülür. Beləliklə, iş və ya məktəb rejiminə uyğunlaşmaq daha asan olur”.
Psixoloq əlavə edib ki, bundan əlavə, tətil günlərini səmərəli keçirmək də vacibdir:
“Günləri yalnız yatmaq və evdə qalmaqla keçirmək əvəzinə, açıq havada vaxt keçirmək, hərəkətli fəaliyyətlərlə məşğul olmaq və tətili daha əyləncəli etmək sonradan gündəlik rejimə qayıdışı daha rahat edə bilər”.














