Qastroenteroloq Olga Suxareva sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün beş qida vərdişi formalaşdırmağın vacib olduğunu bildirib.
Gündəm24.az Redaktor.az-a istinadən xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında yazıb.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə hər qida qəbulunda tərəvəz yemək lazımdır. İdeal halda tərəvəzlər boşqabın yarısını təşkil etməlidir, lakin hətta dörddə bir hissəsi belə kifayət hesab olunur.
İkinci tövsiyə kimi o, adi çörəyin tam taxıllı çörəklə əvəz edilməsini məsləhət görüb. Bildirib ki, tam taxıllı çörəyin qlisemik indeksi aşağıdır və tərkibində çoxlu lif var.
Üçüncü vərdiş kimi hər gün bir ovuc qoz-fındıq və ya tum yemək tövsiyə olunur. Bu məhsullar zülal, mikroelementlər, vitaminlər və faydalı yağlarla zəngindir.
Həkim həmçinin bağırsaq mikroflorasını yaxşılaşdırmaq üçün gündəlik qidalanmaya ən azı bir süd məhsulunun daxil edilməsinin vacib olduğunu qeyd edib.
Bundan əlavə, Suxareva orqanizmin antioksidantlarla təmin olunması üçün hər gün iki-üç fincan yarpaqlı yaşıl çay içməyi məsləhət görüb. Onun sözlərinə görə, yaşıl çayı yeməkdən ayrı içmək daha məqsədəuyğundur, çünki bu halda dəmirin mənimsənilməsi pozulmur.














