Yaxın Şərqdə artan gərginlik fonunda enerji və ərzaq bazarlarında ciddi dəyişikliklərin baş verə biləcəyi ilə bağlı xəbərdarlıqlar edilir.
Bu barədə Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.
O qeyd edib ki, “Corriere della Sera” qəzeti Yaxın Şərqdə gərginliyin yeni dalğası səbəbindən enerji daşıyıcılarının bahalaşmasının ardınca ərzaq qiymətlərinin də artmasının gözlənildiyini yazıb.
Ekspertin sözlərinə görə, buna təkan verən əsas amillərdən biri qlobal bazara təxminən 15 faizi həmin regiondan daxil olan gübrə çatışmazlığıdır.
“Qeyd edilir ki, Fars körfəzi zonası gübrə istehsalı və ixracının həcminə görə (14,4 faiz) Rusiyadan (22,4 faiz) sonra ikinci regiondur. Bununla yanaşı, məhsulun böyük hissəsi hazırda gəmiçiliyin faktiki olaraq dayandırıldığı Hörmüz boğazı vasitəsilə daşınır.
Nəşr yazır ki, bu məhsulun əsas alıcıları arasında Hindistan, ABŞ, Braziliya və Avstraliya var. Bəzi gübrə növlərinin müharibənin cəmi bir həftəsi ərzində 26 faiz bahalaşdığı qeyd edilib. Halbuki azot gübrəsi olan karbamidin qiyməti ötən ilin dekabrından bəri ümumilikdə 64 faiz artıb. Enerji daşıyıcılarının qiymət artımı ilə yanaşı, gübrənin bahalaşması ərzaq qiymətlərinin artmasına gətirib çıxaracaq və ən yoxsul ölkələrdə ərzağın əlçatanlığını çətinləşdirəcək”, – K.Novruzov bildirib.
Siyasi şərhçi vurğulayıb ki, ümumilikdə müharibələr həmişə iqtisadiyyata mənfi təsir göstərir.
“Xüsusilə də bu savaşlar lokal yox, regional və ya qlobal xarakter daşıyırsa. Ən azından ona görə ki, ixrac tempi azalır, məhsulların daşınmasında problemlər yaranır. Sözsüz ki, bu baxımdan Yaxın Şərqdə baş verənlər də istisna deyil.
Məlum olduğu kimi, həm müharibənin birbaşa iştirakçılarının hər ikisinin, yəni həm İsrailin, həm də İranın dünya bazarında mühüm payı var. Hər iki ölkə geniş ixrac potensialına malikdir. İndi təbii ki, bu imkanlar zəifləyib. Əsas diqqət müharibəyə yönəlib.
Üstəlik, nəzərə almaq lazımdır ki, müharibədə iştirak edən proksi güclər də var. ABŞ açıq-aydın İsrailə dəstək verir və müharibədə iştirak edir. Rusiya və Çinin isə gələcəkdə müharibə uzun çəkərsə, İranı dəstəkləməsi mümkündür.
Belə bir şəraitdə bütün dövlətlərin prioriteti müharibə olacaq. Ümumdaxili məhsulun xeyli hissəsi silahlanmaya gedəcək, müdafiə xərcləri artacaq. Eyni zamanda perspektivdə sərhədlərdə yarana biləcək gərginlik, nəqliyyat daşımalarının xərclərinin artması da qida məhsullarının bahalaşmasına səbəb olacaq.
Müharibələrin getdikcə intensivləşməsi, üçüncü dünya müharibəsi ehtimalının yaxınlaşması fonunda ərzaq qıtlığı yarana və orta təbəqə tamamilə aradan çıxa bilər”, – o əlavə edib.














