“İşte Benim Stilim” yarışması ilə tanınan sosial media fenomeni Ayşegül Eraslan evində ölü tapılıb.
Gündəm24.az türk mediasına istinadən xəbər verir ki, Eraslanla uzun müddət əlaqə saxlaya bilməyən yaxınları narahat olaraq onun yaşadığı evə gediblər. Qapını döysələr də, heç kim cavab vermədiyindən onlar polisə müraciət ediblər. Hadisə yerinə gələn polis əməkdaşları mənzilə daxil olduqdan sonra Ayşegül Eraslanı evdə hərəkətsiz vəziyyətdə aşkarlayıblar.
Çağırılan tibbi briqada onun həyatını itirdiyini təsdiqləyib. Hadisədən əvvəl Eraslanın sosial media hesabında etdiyi paylaşımlar da diqqət çəkib. O, “Paylaşmadığım, bilmədiyiniz, sizə demədiyim şeylər var. Bildiyim tək şey odur ki, mən çox yaxşı insan idim, heç kimə pislik etməmişəm” sözlərini yazıb. Daha sonra o, bir qeydin şəklini paylaşaraq “Ya həssasam, ya da həyat həqiqətən pisdir. Tək istəyim itlərimə yaxşı baxılmasıdır” ifadələrini qeyd edib.
Paylaşımında həmçinin atası ilə bağlı üzr istədiyini və uşaqlıq illərində çətin mühitdə böyüdüyünü də bildirib. Sosial mediada bu paylaşımlar geniş müzakirələrə səbəb olub.
















