“Miss Azerbaijan 2019” konkursunun qalibi olan sumqayıtlı model Səmra Hüseynova Türkiyədə uzun müddətdir davam edən məhkəmə prosesinin onun xeyrinə yekunlaşdığını açıqlayıb.
Sumqayit24.az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib. S.Hüseynova bildirib ki, İstanbulda yaşadığı dövrdə aldığı paltaryuyan maşın nasaz çıxıb. Məhsulu geri qaytarmaq istədikdə mağaza yeni məhsul göndərəcəyini vəd etsə də, nə pulu qaytarıb, nə də yeni məhsulu təqdim edib.
Hüseynova iddia edir ki, pulunu geri tələb etdikdən sonra mağaza əməkdaşı onu təhqir edib və azərbaycanlı qadınlar barədə nalayiq ifadələr işlədib. Bundan sonra o, mağazaya gedərək baş verənləri sosial şəbəkədə yayımlayıb.
Model qeyd edib ki, həmin hadisədən sonra onun barəsində müxtəlif şayiələr yayılıb. Onun sözlərinə görə, guya əxlaqsızlıqla məşğul olduğu və narkotik vasitələrdən istifadə etdiyi üçün Türkiyədən deportasiya edildiyi iddia olunsa da, bunlar həqiqəti əks etdirməyib.














